Rəqəmsal sənədlərin qarşılıqlı tanınması layihəsi Türk dövlətlərinin inteqrasiyası yolunda mühüm addım olacaq.
"Report"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev təşkilatın qeyri-rəsmi Zirvə görüşündə bəyan edib.
Onun sözlərinə görə, layihə TDT məkanında rəqəmsal şəxsiyyət vəsiqələrinin və milli rəqəmsal kartların qarşılıqlı tanınmasını nəzərdə tutur.
K.Ömüralıyev qeyd edib ki, sistem artıq Azərbaycan və Türkiyə, Qazaxıstan və Qırğızıstan, eləcə də Qırğızıstan və Özbəkistan arasında uğurla fəaliyyət göstərir:
"Bu layihənin həyata keçirilməsi Türk dünyası xalqları arasında daha sıx əlaqələri təmin edəcək və rəqəmsal inteqrasiya yolunda mühüm addım olacaq".
Baş katib həmçinin əlavə edib ki, təşəbbüs rəqəmsal xidmətlərin inkişafı üçün yeni imkanlar açacaq və təşkilatın üzv dövlətləri arasında praktiki qarşılıqlı əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndiəcək.