IMG-LOGO

Türküstan bəyannaməsi: TDT liderləri Azərbaycanın sədrliyini yüksək qiymətləndiriblər

15 May 2026 20:41 3 baxış
IMG

Türk Dövlətləri Təşkilatının (TDT) ölkələrinin liderləri Azərbaycanın TDT-yə sədrlik etməsinə dəstək ifadə edərək ölkənin sədrlik dövrü üçün müəyyən etdiyi prioritetləri yüksək qiymətləndiriblər.

"Report"un Qazaxıstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə bu gün Türküstanda TDT-nin qeyri-rəsmi sammitinin yekunları üzrə qəbul edilmiş Türküstan Bəyannaməsində deyilir.

Sənədə əsasən, imzaçılar 2025-ci il oktyabrın 7-də "Regional sülh və təhlükəsizlik" mövzusunda keçirilmiş Qəbələ sammitinin uğurla həyata keçirilməsini yüksək qiymətləndiriblər.

"Azərbaycan Respublikasının cari sədrliyinə və onun müəyyən etdiyi prioritetlərə dəstəyimizi ifadə edirik, həmçinin Azərbaycanın sədrliyinin TDT-nin üzv dövlətlər arasında əməkdaşlığın səmərəli platforması kimi daha da gücləndirilməsinə töhfə verəcəyinə əminliyimizi bildiririk", - bəyannamədə deyilir.

Sammit iştirakçıları, həmçinin Türkiyəni 2026-cı il martın 7-də İstanbulda TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşlərinin və 2026-cı il aprelin 18-də 5-ci Antalya Diplomatik Forumu çərçivəsində keçirilən görüşlərin uğurla təşkili münasibətilə təbrik ediblər. Liderlər bu görüşlərin nəticələrini alqışlayıb və onların daha müntəzəm şəkildə təşkilinin vacibliyini vurğulayıblar.

Bundan başqa, imzaçılar rəqəmsal mühitdə vətəndaşların hüquqlarının müdafiəsinə dair normaları özündə əks etdirən Qazaxıstanın yeni Konstitusiyasının qəbul edilməsini alqışlayıblar ki, bu da ölkənin rəqəmsal dövrün müasir çağırışlarına cavab vermək və gələcək inkişaf üçün davamlı hüquqi baza yaratmaq öhdəliyini əks etdirir.

"Dövlət başçıları Rəqəmsal İqtisadiyyat sahəsində Tərəfdaşlıq Sazişinin (DEPA), türk böyük dil modelinin inkişafı üzrə Anlaşma Memorandumunun imzalanmasını, eləcə də "Rəqəmsal İpək Yolu" layihəsinin davam edən icrasını müsbət qiymətləndiriblər ki, bunlar birlikdə türk dünyasında texnoloji əməkdaşlığın və rəqəmsal qarşılıqlı əlaqənin gücləndirilməsinə töhfə verir", - sənəddə deyilir.

Dövlət başçıları 2025-ci il noyabrın 17-28-də Bakıda keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının Telekommunikasiyaların İnkişafı üzrə Dünya Konfransının (WTDC-25) uğurunu qlobal rəqəmsal transformasiyanın irəliləməsinə, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və inklüziv və davamlı rəqəmsal inkişafın təşviqinə mühüm töhfə kimi xüsusilə vurğulayıblar.

Xəbər lenti