TDT ölkələrinin əməkdaşlığı möhkəmləndirmək üçün hazırda davam etdirdikləri inteqrasiya prosesi çoxplanlıdır.
"Report" xəbər verir ki, bunu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin müavini Məhəmməd Alpər Xəyali Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin QHT-lərinin II Həmrəylik Forumunda deyib.
"Bu gün Türk dünyası artıq yalnız mədəni birlik deyil, həm də siyasi, iqtisadi, akademik və ictimai əməkdaşlığı gücləndirən çoxşaxəli inteqrasiya prosesini yaşayır", - o bildirib.
M.Xəyalinin sözlərinə görə, bu əməkdaşlığın gücləndirilməsində parlament strukturları xüsusilə mühüm rol oynayır:
"Bu kontekstdə TÜRKPA Türk dünyasında ümumi siyasi baxışın formalaşmasına, qanunvericilik təcrübəsinin mübadiləsinə və qardaş ölkələr arasında institusional dialoqun gücləndirilməsinə mühüm töhfə verir".
Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra ABŞ-nin sabiq dövlət katibi Henri Kissincerin "bütöv bir Türk dünyası doğulacaq" ifadəsi uzun illər ərzində yalnız potensial proqnoz kimi qəbul edilib və birlik ideyası heç vaxt tam olaraq reallaşmayıb:
"Lakin bu gün Türk dövlətləri ümumi diplomatiya, iqtisadi əməkdaşlıq, müdafiə potensialı və institusional inkişaf sayəsində artıq tamamilə fərqli bir reallıq nümayiş etdirirlər".
M.Xəyali qeyd edib ki, TDT ölkələri hər zaman sülhün tərəfdarı olublar, bununla yanaşı, öz maraqlarını müdafiə etmək üçün kifayət qədər gücə və potensiala malikdirlər.