Malayziya hökuməti növbəti 10 il ərzində 1 milyon münasib qiymətli mənzil inşa etməyi planlaşdırır.
Lent.az “APA-Economics”-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə çıxış edən Malayziyanın mənzil və yerli idarəetmə naziri, BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) Assambleyasının prezidenti Nga Kor Ming bildirib.
Onun sözlərinə görə, ölkədə əhalinin 75%-dən çoxu şəhərlərdə yaşayır və bu şəhərlər iqtisadiyyatın əsas hərəkətverici qüvvəsidir.
Bununla yanaşı, sürətli urbanizasiya mənzil əlçatanlığı, iqlim riskləri və sosial bərabərsizlik kimi problemlər yaradır.
Nazir qeyd edib ki, Malayziyanın 13-cü inkişaf planı çərçivəsində 10 il ərzində 1 milyon əlverişli və inklüziv mənzilin tikilməsi hədəflənib.
Nga Kor Ming vurğulayıb ki, ölkə yalnız yeni binalar tikmir, eyni zamanda daha ağıllı və ekoloji təmiz şəhərlər qurur.
Onun sözlərinə görə, “Ağıllı Şəhər Çərçivəsi” rəqəmsal texnologiyalar vasitəsilə şəhər və kənd arasındakı fərqi azaltmağa, “Aşağı Karbonlu Şəhər Çərçivəsi” isə iqlim dəyişikliklərinə uyğunlaşmağa xidmət edir.
“Yeni Şəhər Gündəliyi gələcək nəsillərə verdiyimiz vəddir. Malayziya bu vədi yerinə yetirməyə sadiqdir”, – deyə o əlavə edib.
WUF13