Dünya şəhərlərinin dayanıqlı inkişafı və inklüziv planlaşdırılması qlobal tərəfdaşlıq platformalarında əsas müzakirə mövzusuna çevrilib.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyasında bildirib.
O, dünyada yaşanan mənzil probleminin həlli üçün WUF13-ün yaratdığı imkanların rolunu vurğulayıb: "Bu gün qlobal mənzil böhranı müzakirələrimizin mərkəzindədir. Mənzil yalnız binalardan ibarət deyil, bu, ləyaqət, təhlükəsizlik və imkanlar deməkdir. Məhz buna görə də WUF genişmiqyaslı platforma olaraq mühüm əhəmiyyət kəsb edir və onun əsl gücü inklüzivliyindədir".
Komitə sədri ölkədə qadın hüquqlarına verilən dəyərdən də bəhs edib: "Azərbaycan 1918-ci ildə müsəlman dünyasında qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə olmaqdan qürur duyur. Bu gün qadınlar hökumətdə, parlamentdə, elmdə, memarlıqda və özəl sektorda yüksək vəzifələr tutur. Bu proses milli səviyyədə cəmiyyətimizin ən fəal üzvlərindən olan qadınlarla başlayır. Eyni yanaşma post-münaqişə dövründə bərpa işlərində, "ağıllı şəhər" və "ağıllı kənd" layihələrində də tətbiq olunur ki, burada qadınların iştirakı və bərabər imkanlar prioritet olaraq qalır. Vətəndaş cəmiyyəti isə icmaların inkişafının güclü dayağı rolunda çıxış edir".