Slovakiya Yeni Şəhər Gündəliyinin icrasının aralıq icmalında fəal iştirak etmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Slovakiyanın nümayəndəsi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.
"Slovakiya Yeni Şəhər Gündəliyinin aralıq icmalında və UN-Habitat-ın (BMT-nin Məskunlaşma Proqramı) növbəti onillikdə onun icrasını necə gücləndirə biləcəyinə dair birgə müzakirədə fəal iştirak etməyə hazırdır", - o qeyd edib.
Ölkə nümayəndəsi vurğulayıb ki, müasir şəhər inkişafı təkcə infrastruktur layihələri və məkan planlaşdırılması baxımından deyil, ilk növbədə əhalinin həyat keyfiyyəti baxımından nəzərdən keçirilməlidir.
"Şəhər inkişafı təkcə infrastruktur, binalar və məkan planlaşdırılması deyil. Bu, ilk növbədə insanlar, onların xidmətlərə, ictimai məkanlara və layiqli həyat keyfiyyəti imkanlarına çıxışıdır", - o bildirib.
Onun sözlərinə görə, Slovakiya strateji planlaşdırmanın və müxtəlif hakimiyyət səviyyələri arasında koordinasiyanın təkmilləşdirilməsi də daxil olmaqla, ərazi inkişafına kompleks yanaşmanın gücləndirilməsi istiqamətində artıq addımlar atır.
O, həmçinin qeyd edib ki, ölkələr sürətləndirilmiş həllər tələb edən bir sıra ciddi çağırışlarla üzləşməyə davam edirlər. Onların arasında əlçatan mənzil təminatı, şəhərlərin iqlim davamlılığının artırılması, demoqrafik dəyişikliklər və ictimai xidmətlər sisteminə artan təzyiq yer alır.