Çexiyada mənzil əlçatanlığı, infrastruktur ehtiyacları və regionlar arasında inkişaf fərqləri şəhər inkişafı sahəsində əsas problemlər olaraq qalır.
Lent.az “APA-Economics”-ə istinadən xəbər verir ki, bunu BMT-nin Dünya Şəhər Forumunun (World Urban Forum) 13-cü sessiyası çərçivəsində keçirilən nazirlər toplantısında Çexiyanın regional inkişaf naziri Zuzana Mrazova deyib.
Nazirin sözlərinə görə, bu problemlərin həlli üçün daha güclü çoxsəviyyəli idarəetmə, dövlət qurumları arasında daha yaxşı koordinasiya və sabit maliyyələşdirmə mexanizmlərinə ehtiyac var.
O bildirib ki, Çexiya BMT-nin Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə sadiqdir və bu sənədi dayanıqlı şəhər inkişafı üçün əsas beynəlxalq çərçivə hesab edir.
Mrazova qeyd edib ki, ölkənin əsas prioritetləri əlçatan mənzil təminatı, əsas xidmətlərə çıxışın yaxşılaşdırılması, iqlimə davamlı və enerji səmərəli şəhərsalma, eləcə də bələdiyyələrin institusional potensialının gücləndirilməsidir.
Nazir vurğulayıb ki, Çexiya hökuməti mənzil təminatını sosial həmrəyliyin, regional sabitliyin və iqtisadi imkanların əsas elementi kimi qiymətləndirir.
Onun sözlərinə görə, ölkə bu sahədə yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, özəl sektor və akademik dairələrlə əməkdaşlığı genişləndirməyə davam edəcək.
WUF13