Türkiyədə 2023-cü il fevralın 6-da baş verən zəlzələ şəhərsalmada dayanıqlılığın zərurət olduğunu ortaya qoydu.
"Report" xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında deyib.
Onun sözlərinə görə, zəlzələdən sonra Türkiyə tarixinin ən genişmiqyaslı yenidənqurma prosesinə başlanıldı:
"Biz şəhərlərimizi daha dayanıqlı, karbon emissiyaları daha az olan, iqlimə uyğun gələcəyə hazırlamaq niyyətindəyik. Türkiyədə mənzil inşaatının 15 %-i dövlət, 85 %-i özəl sektor sayəsində inkişaf etdirilir. Dövlətin əsas vəzifəsi az və orta gəlirli vətəndaşlar üçün dayanıqlı, əlçatan mənzil təminatını həyata keçirməkdir. Son 20 ildə dövlət tərəfindən 1 milyon 750 min sosial mənzil inşa edilib, 7 milyondan çox vətəndaş mənzillə təmin edilib. Türkiyə bu sahədə təcrübəsini dünya ölkələri ilə bölüşməyə hazırdır".