Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Yeni Şəhər Gündəliyinin həyata keçirilməsində bir mərhələdir.
"Report"un məlumatına görə, bunu Madaqaskarın Yer Quruluşu Nazirliyinin nümayəndəsi Ruffin Sambani WUF13 çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.
"Nazirliyimiz "Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunmuş WUF13-ün təşkilinə görə "UN-HABITAT"a və Azərbaycan Respublikasının hökumətinə minnətdarlığını bildirir. Bu tədbir Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin beynəlxalq səviyyədə dərk edilməsində, mənzil sahəsindəki qlobal böhrana, eləcə də ölkələrimizdə urbanizasiya və şəhərlərin dayanıqlığı ilə bağlı artan çağırışlara cavabların axtarılmasında mühüm mərhələdir", - o bildirib.
Sambaninin sözlərinə görə, Madaqaskarda şəhər dinamikası sürətlə inkişaf edir və şəhərlər artıq milli iqtisadi artımın təxminən 75 %-ni təmin edir.
O qeyd edib ki, ölkə əhalisinin yarısından çoxunun 2036-cı ilə qədər şəhər ərazilərində yaşayacağı gözlənilir ki, bu da şəhər infrastrukturu, mənzil tikintisi və iqlim hadisələrinə qarşı həssaslıqla bağlı çağırışları gücləndirir.
"Bu çağırışlarla üzləşən Madaqaskar daha inklüziv, balanslı və dayanıqlı şəhər inkişafının irəlili aparılmasına, eləcə də hökumət başçısının dəstəyi və köməyi ilə mənzil siyasətinə milli yanaşmanın formalaşdırılmasına yönəlmiş müxtəlif siyasətlərin və islahatların həyata keçirilməsinə sadiqdir", - nazirlik nümayəndəsi vurğulayıb.