Dünyanın müxtəlif yerlərində milyonlarla gənc yaşayış üçün uyğun olmayan mənzil şəraitində yaşayır və ya iqlim dəyişikliyinin təsirini hiss edir.
"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Gənclər üzrə Baş Katibinin köməkçisi Felipe Paullier WUF13 çərçivəsində baş tutan Uşaqlar və Gənclər Assembleyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyanın hər yerində gənclər üçün ev sadəcə yaşadıqları yer deyil:
"Ev onların böyüdüyü, özlərini təhlükəsiz hiss etdiyi və imkanların başladığı məkandır. Lakin çox sayda gənc üçün bu təməl hələ də qeyri-müəyyəndir. Bu isə dəyişməlidir. Hər bir gənc onun üçün təhlükəsizliyi təmin edən bir evə layiqdir. Hər bir şəhərin, icmanın və məhəllənin bunu mümkün etmək məsuliyyəti var".
Baş katibin köməkçisi vurğulayıb ki, əlçatan mənzillərə investisiya qoymaq, əsas xidmətlərə çıxışı təmin etmək, bütün uşaqların və gənclərin inkişaf edə biləcəyi təhlükəsiz və inklüziv ictimai məkanlar yaratmaq deməkdir:
"Amma təkcə evlər kifayət deyil. Gənclərin yaşaya bilmələri üçün sağlam, inklüziv və imkanlarla dolu olan şəhərlər qurmaq lazımdır. Bu, əlçatan mənzilləri, təmiz havası və yaşıl məkanları olan bir şəhərdir, eyni zamanda nəqliyyatın və əsas şəhər xidmətlərinin təhlükəsiz və əlçatan olduğu bir şəhərdir", - deyə o bildirib
Onun sözlərinə görə, iqlim dəyişikliyi uzaq bir təhlükə deyil: "Dünyanın hər yerində gənclər artıq ön sıralardadırlar. Bu gün mən siyasətçilərə, şəhər rəhbərlərinə və institutlara müraciət edirəm. Xahiş edirəm gəncləri dinləyin, onların həll yollarına investisiya qoyun və şəhər planlaşdırılması ilə idarəçiliyində onların iştirakını institusionallaşdırın. Onlara yalnız faydalanan tərəf kimi deyil, tərəfdaş kimi yanaşın. Çünki biz etibar yaradırıq, dayanıqlılıq qururuq və ortaq gələcək inşa edirik"