Mənzil əmtəə deyil, insan hüququ kimi nəzərdən keçirilməli, dövlətlər şəhər inkişafını daha fəal tənzimləməli və əlçatan mənzilləri genişləndirməlidirlər.
"Report" xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən panel sessiyasında Mexiko nümayəndəsi bildirib.
Onun sözlərinə görə, inzibati sərhədləri daxilində 9,2 milyon, aqlomerasiyada isə təqribən 23 milyon əhalisi olan dünyanın ən böyük şəhərlərindən biri kimi Mexikonun nöqteyi-nəzərindən, mənzil siyasəti vasitəsilə sosial inteqrasiyanın, gender bərabərliyinin sürətləndirilməsi və yoxsulluğun azaldılması prinsipial olaraq yeni yanaşma tələb edir.
"Dövlət siyasəti çərçivəsində mənzilə əmtəə kimi baxılmamalıdır. O, insan hüququ və sosial ədalətin, şəhər demokratiyasının və ümumi rifahın əsas sütunlarından biri kimi qəbul edilməlidir", - o bildirib.
Mexiko nümayəndəsi belə yanaşmaların UN-Habitat-ın mövqelərinə uyğun olduğunu vurğulayıb: "Torpaq və mənzil tamamilə bazar məntiqinə tabe olduqda, yerli icmaların sıxışdırılıb çıxarılması, ərazi seqreqasiyası və milyonlarla insanın layiqli həyat sürməsi qarşısındakı maneələr daha da güclənir".