Müharibə dövründə Tehranda 51 min evə ziyan dəyib, bunların bəziləri memarlıq abidələridir.
"Report" xəbər verir ki, bunu İranın Tehran bələdiyyəsinin beynəlxalq məsələlər üzrə müavini Mohammad Ali Shafiee Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Yerli və regional hökumətlərin ümumdünya assambleyasında deyib.
O bildirib ki, İran 2025-ci ildən başlayaraq şəhərsalma sahəsində müəyyən dayanıqlılıq formalaşdırıb:
"Tikililər döyüş və müharibəyə dözümlü olmalıdır. Biz avtobus və metronun savaşda da işləyə biləcəyi bir modeldən istifadə etdik. Vətəndaşların təhlükəsizliyini əsas tutduq. Biz bu istiqamətdə digər ölkələrə və şəhərlərə dəstək ola bilərik".
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.