IMG-LOGO

Ankara Bakıya "Sıfır tullantı" ekoloji layihəsinin tətbiqində dəstək təklif edib - EKSKLÜZİV

17 May 2026 16:40 4 baxış
IMG

Türkiyə Azərbaycana "Sıfır tullantı" ekoloji təşəbbüsünün həyata keçirilməsində dəstək göstərməyə hazırdır.

Bunu "Report"a açıqlamasında Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) kuluarlarında bildirib.

"Sıfır tullantı" təşəbbüsü birinci xanım Əminə Ərdoğanın rəhbərliyi altında flaqman layihə kimi həyata keçirilir. "Sıfır tullantı"nın əsas prinsipi son dərəcə aydındır: çirklənməyə nə qədər az yol verirsinizsə, ətraf mühit bir o qədər yaxşı qorunur. Bu gün təbiətin mühafizəsinə nəhəng resurslar sərf olunur. Məhz buna görə də "sıfır tullantı" konsepsiyası həm israfçı istehlakla mübarizə aləti, həm də planetin plastik və digər kimyəvi çirkləndirici maddələrdən qorunması vasitəsidir", - nazir müavini vurğulayıb.

Ö.Bulut qeyd edib ki, Türkiyə bu istiqamətdə əhəmiyyətli iş aparır və daxili səviyyədə nəzərəçarpan nəticələr əldə edir. "Analoji təcrübə Azərbaycana da lazımdır. Azərbaycan böyük bir dənizə malikdir - Qərbdə onu göl hesab etsələr də, Azərbaycan xalqı üçün bu, tamhüquqlu bir dənizdir. İlkin vəziyyətini qoruyub saxlamış bu unikal məkan çirklənməyə məruz qalmamalıdır. Çirklənməyə yol verib sonra təmizləməklə məşğul olmaqdansa, onun qarşısını almaq daha ağlabatandır. Buna görə "sıfır tullantı" sahəsində layihə və ideyaların qarşılıqlı mübadiləsi davam etdiriləcək. Biz bu layihənin Azərbaycanda tətbiqinə dəstək göstərməyə hazırıq", - nazir müavini bəyan edib.

Xəbər lenti