IMG-LOGO

Tomaş Taraba: "Slovakiya Azərbaycanla qaz tədarükü üzrə azı 10 illik müqavilə bağlamaq istəyir" - MÜSAHİBƏ

17 May 2026 17:33 3 baxış
IMG

Slovakiyanın Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün bu gün Azərbaycana səfərə gəlib. Baş nazirin müavini WUF13 platformasından istifadə edərək "Report"a müsahibəsində Bakı və Bratislava arasında əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş əlaqələrin inkişaf perspektivlərindən bəhs edib.

Müsahibəni oxucularımıza təqdim edirik:

- Slovakiya ilə Azərbaycan arasındakı münasibətləri necə qiymətləndirirsiniz?

- İlk növbədə demək istəyirəm ki, Slovakiya və Azərbaycan arasında əla münasibətlər qurulub. Bir neçə ay əvvəl (2025-ci ilin dekabrında - red.) Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya uğurlu səfəri baş tutub. Deyə bilərəm ki, ölkələrimiz arasında həll olunmamış məsələlər yoxdur.

Səfərim çərçivəsində Azərbaycan Prezidenti ilə görüşmək imkanım olacaq. Biz əməkdaşlığa hazırıq. Eyni zamanda, Azərbaycana neft və enerji resurslarının tədarükü məsələlərində bizim üçün etibarlı və sabit tərəfdaş olduğuna görə çox minnətdarıq.

Biz həmçinin Slovakiyanın Qarabağın bərpasında iştirak etməsindən şadıq. Burada Slovakiyanın böyük təcrübəsindən fəal şəkildə istifadə edilir.

Su resurslarının idarə olunmasında əla təcrübəmiz var. Slovakiyada su qıtlığı yoxdur. Digər ölkələrdə isə belə bir problem mövcuddur. Ona görə də bu məsələdə də Azərbaycan üçün faydalı olmaq istəyirik.

- Slovakiya və Azərbaycan şəhərsalma sahəsində necə əməkdaşlıq edə bilər?

- Bakının şəhər mühiti çox cəlbedicidir. Bakıda təkcə müasir binaları deyil, həm də köhnə memarlıq üslubunun qorunub saxlanılması və yenidən qiymətləndirilməsi ilə unikal vəhdəti dəstəkləməyiniz çox xoşuma gəlir. Bu, mənim fikrimcə, əla yanaşmadır, çünki modernizm özlüyündə hər kəs tərəfindən təqlid oluna bilər, lakin şəhərin ruhu yalnız tarixlə bağlı olduğu halda yaranır. Bu sizin şəhərinizdə həqiqətən xoşuma gələn detaldır.

- Bəs Slovakiya ilə Azərbaycan arasında energetika sahəsində əməkdaşlıq barədə nə deyə bilərsiniz? Hər hansı razılaşmalar gözləməyə dəyərmi və Slovakiya Azərbaycandan qaz almaq üçün uzunmüddətli müqavilə bağlamağı planlaşdırırmı?

- Biz Azərbaycanla azı 10 illik uzunmüddətli müqavilənin bağlanmasını müzakirə edirik. Slovakiya enerji tədarükünü şaxələndirmək istəyir. Azərbaycan isə bizim üçün etibarlı tərəfdaşdır. Yeganə məsələ enerji resurslarının Mərkəzi Avropaya necə çatdırılmasıdır. Yəni söhbət sizin enerji resurslarınızı almaq istəyib-istəməməyimizdən deyil, onları Mərkəzi Avropaya necə çatdıracağımızdan gedir.

Hazırda biz hansı boru kəmərlərindən və hansı həcmdə istifadə oluna biləcəyini müzakirə edirik. Bununla yanaşı, tədarük böhranı zamanı, məsələn, bir neçə ay əvvəl Ukraynadan olan böhran vaxtı ölkəmizə tədarükün təmin edilməsində fəal rol oynadığı üçün Azərbaycana minnətdarıq.

- Slovakiyadan Azərbaycana yüksək səviyyəli yeni səfərlər gözlənilirmi? Ümumiyyətlə, yüksək səviyyəli görüşlərin dinamikası necə qiymətləndirilir?

- Bəli, əslində Slovakiya dövlət səfərləri baxımından burada ən fəal təmsil olunan ölkələrdən biridir. Ötən həftə Slovakiya Milli Şurasının sədri Rixard Raşi Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev isə bir neçə ay əvvəl Slovakiyaya səfər edib.

Mənim Azərbaycana səfərim Baş nazirin tapşırığı ilə həyata keçirilir. Dəvət (WUF13-də iştirak etmək üçün - red.) ona ünvanlanmışdı, lakin təəssüf ki, onun qrafiki fərqlidir, əks halda o, mütləq burada olardı. Bizim üçün Azərbaycan yüksək səviyyədə əməkdaşlıq etmək istədiyimiz bir ölkədir.

Aydan Ələsgərli, Kamil Mahmudov

Xəbər lenti