Fransa hər il dövlət büdcəsinin 1,5-2 %-ni vətəndaşların layiqli yaşayış şəraiti ilə təmin edilməsinə yönəldir və 2030-cu ilə qədər 2 milyon yeni ev tikməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu Fransanın Bakıdakı səfiri Sofi Laqut WUF13 çərçivəsində keçirilən panel sessiyasında bildirib.
Diplomat qeyd edib ki, genişmiqyaslı dövlət proqramlarına baxmayaraq, Parisin qarşısında idarəetmə sisteminin artan desentralizasiyaya uyğunlaşdırılması, əhalinin həssas qruplarının inteqrasiyası və ərazilərin həddindən artıq urbanizasiyasına yol vermədən yeni yaşayış yerlərinin inşası ilə bağlı hələ də bir sıra ciddi çağırışlar dayanır.
"Biz hər il bu məqsədlər üçün büdcəmizin 2 %-nə qədərini ayırırıq. Və bu yaxınlarda 2030-cu ilə qədər 2 milyon yaşayış obyektinin inşası hesabına geniş təklif yaradılmasına yönəlmiş yenilənmiş mənzil planını işə saldıq", - səfir bildirib.
O vurğulayıb ki, sosial kirayə mənzilləri ölkənin mənzil siyasətinin əsas elementlərindən biri olaraq qalır:
"Bu gün sosial kirayə mənzil fondumuz 5,4 milyon obyektdən ibarətdir, bu da ölkənin əsas mənzil fondunun ümumi həcminin təxminən 16 %-ni təşkil edir".