Uruqvay üçün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak qlobal və regional dialoqa qoşulmaq, eləcə də müxtəlif panel müzakirələri və təşəbbüslər çərçivəsində qabaqcıl təcrübə mübadiləsi aparmaq imkanıdır.
Bu barədə "Report"a Uruqvayın mənzil tikintisi və ərazi planlaşdırılması naziri Tamara Paseyro bildirib.
Onun sözlərinə görə, iştirakın əsas elementi şəhər siyasəti sahəsində yanaşmaların qarşılıqlı zənginləşdirilməsidir.
"Bu yaxınlarda panel sessiyalarının birinin gedişatında həmkarlarımla birlikdə sosial siyasətin elementi kimi mənzilin fundamental əhəmiyyəti barədə yekdil nəticəyə gəldik. Söhbət sadəcə mənzildən yox, onun əhalinin həyat keyfiyyətinə təsirindən gedir", - o qeyd edib.
T.Paseyro vurğulayıb ki, mənzilə əlçatanlıq birbaşa sosial siyasətin digər istiqamətləri - səhiyyə, təhsil, məşğulluq, qayğı və təhlükəsizliklə bağlıdır:
"Məhz buna görə də mənzil - sadəcə kvadrat metrlər deyil, kompleks bir sistemdir. Və bu gün ölkələrin inteqrasiya olunmuş şəhərlərin inkişafına yönəlmiş dövlət siyasətini necə formalaşdırması vacibdir.", - nazir qeyd edib.