IMG-LOGO

Astanada panel evlərin renovasiyası üzrə Bakının təcrübəsi öyrənilir - EKSKLÜZİV

18 May 2026 11:02 4 baxış
IMG

Bakı panel evlərin renovasiyası və şəhərlərdəki yaşayış məhəllələrinin abadlaşdırılması məsələsində bir çox postsovet ölkələri üçün nümunəyə çevrilib.

Bu barədə "Report"a Astana Urbanistika Mərkəzinin direktor müavini Daniyar Çindaliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.

"Bakıda fasadların renovasiyasının necə aparıldığı çox xoşuma gəldi. Keçmiş Sovet İttifaqının bir çox ölkələrində çoxlu sayda panel evlər var və hazırda bir çox şəhərlər onları qaydaya salmağa çalışır. Bizim üçün Bakı böyük bir nümunədir. Bunun necə həyata keçirildiyinə və hansı materiallardan istifadə olunduğuna baxdıq", - o deyib.

Çindaliyevin sözlərinə görə, Qazaxıstan nümayəndə heyəti WUF13-də ölkədə və xüsusən də Astanada urbanistikanın inkişafına həsr olunmuş pavilyon təqdim edib.

O qeyd edib ki, Urbanistika Mərkəzinin işinin əsas istiqamətlərindən biri insanyönümlü şəhər mühitinin yaradılmasıdır.

"Biz əsas diqqətin insana və şəhər mühitinin rahatlığına yönəldildiyi yeni rayonların baş planlarını təqdim etdik. Bu layihələrin bir hissəsi artıq həyata keçirilir", - o vurğulayıb.

Onun sözlərinə görə, Qazaxıstan da şəhər mühitinin inkişafına müasir yanaşmaları aktiv şəkildə tətbiq edir. Xüsusilə, Astanada yaşıllaşdırma nizamnaməsi hazırlanıb, bunun sayəsində şəhərdə ağac əkilməsi həcmi 2,5 dəfə artıb.

Bundan əlavə, şəhərdə "Greenline Boulevard" layihəsi həyata keçirilir, onun çərçivəsində xiyabanlardan biri tamamilə avtomobillərdən azad edilib və piyada məkanına çevrilib.

Xəbər lenti