Malayziya Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun (WUF13) iştirakçılarının sayına görə əvvəllər Kuala-Lumpura məxsus olmuş rekordu qırmasından məmnundur.
"Report"un məlumatına görə, bunu BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda WUF13 çərçivəsində Malayziya pavilyonunun açılış mərasimində bəyan edib.
Onun sözlərinə görə, WUF9-un Kuala-Lumpurda keçirildiyi zaman forum o dövrün bu formatdakı ən böyük tədbirinə çevrilərək 25 mindən çox iştirakçını bir araya gətirmişdi.
"Biz bu gün bu rekordun Azərbaycan tərəfindən müəyyən edilməsindən məmnunuq - iştirakçıların sayı 42 minə çatıb. Bu onu göstərir ki, biz düzgün istiqamətdə irəliləyirik, insanların missiyamızın və gələcəyimizin ortaq olması barədə məlumatlılığını artırırıq", - Minq vurğulayıb.
O qeyd edib ki, Malayziya forumun mövzusu olan "Dünyanı mənzillə təmin etmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar"a öz sadiqliyini təsdiqləyir, həmçinin inklüziv və dayanıqlı şəhərlərin yaradılmasında əməkdaşlığa hazır olduğunu bildirir.
Nqa Kor Minq qeyd edib ki, bu gün Malayziya əhalisinin təxminən 80 %-i şəhərlərdə yaşayır və urbanizasiya innovasiyalar və inkişaf üçün bir fürsətdir.
Onun sözlərinə görə, 2023-cü ilə qədər Malayziyada əlçatan evlərin sayı 1,1 milyonu ötərək ölkənin 12-ci planının hədəf göstəricilərindən yuxarı olub. Hazırda ölkədə 511 mindən çox əlçatan ev tikilib, mənzilə sahib olma səviyyəsi isə 77 %-ə çatıb.