Uqanda Beynəlxalq Gecəqondular Federasiyasının prezidenti Sarah Nandudu Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) eyni problemləri müzakirə etdiklərini bildirib.
"Report"un məlumatına görə, o, WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı Azərbaycandan Uqandaya həll yolu ilə qayıtmaq istədiyini də söyləyib.
"Biz təşkilat olaraq, müxtəlif tərəfdaşlarla, hökumətlərlə görüşmüşük, problemlərin həlli üçün müxtəlif təkliflər irəli sürmüşük. Mən Azərbaycandan Uqandaya həll yolu ilə qayıtmaq istəyirəm, praktiki həll yollarına nail olduğumuzu demək istəyirəm", - o qeyd edib.
S.Nandudu həmçinin deyib ki, evi havada deyil, yerdə tikmək lazımdır:
"Ancaq Uqandada torpaqda ev tikmək problemi var. Bizi şəhərlərə, az qala, buraxmırlar, ev sahibi olmağımız üçün heç bir şərait yoxdur. Biz gecəqondularda böyük çətinliklərlə üz-üzəyik. Mən hər kəsdən acizanə xahiş edirəm ki, bizim kimi icmalara kömək edin. Biz gecəqondularda yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün addımlar atmalıyıq".