IMG-LOGO

Azərbaycan karateçiləri Almaniyada Avropa çempionatında 9 medal qazanıblar

24 May 2026 19:33 3 baxış
IMG

Almaniyanın Frankfurt şəhərində 61-ci WKF Avropa Çempionatı başa çatıb.

Azərbaycan Karate Federasiyasından "Report"a bildirilib ki, mayın 20-24-də keçirilən yarışda 50 ölkədən 586 karateçi mübarizə aparıb.

Avropa çempionatı Azərbaycan karateçiləri üçün uğurlarla yadda qalıb. Qadın karateçimiz Mədinə Sadıqova 55 kq çəki dərəcəsində qızıl medal qazanaraq, WKF təşkilatı xətti ilə böyüklər arasında Azərbaycanın ilk qadın Avropa çempionu kimi tarixə düşüb.

Digər təmsilçimiz İrina Zaretska isə 68 kq çəki dərəcəsində bürünc medal əldə edib.

Parakarate üzrə çıxış edən idmançılarımız - Vidadi Xalıqov, Fərrux Qaybaliyev və Aysel Əhmədli Avropa çempionatının bürünc medalçıları olublar.

Qızlardan ibarət kumite üzrə yığma komandamız da komanda yarışlarında bürünc medal qazanaraq ölkəmizə növbəti uğuru bəxş edib. Komandanın heyətində Mədinə Sadıqova, İrina Zaretska, Gülay Orucova və Aysu Əliyeva yer alıblar.

Kişilərdən ibarət yığma komandanın bəzi üzvləri medalın bir addımlığında olsalar da, bu dəfə fəxri kürsüyə yüksələ bilməyiblər.

Azərbaycan karateçiləri ümumi komanda hesabında Avropada 6-cı pillədə qərarlaşıb və bu nəticə ölkə karatesinin beynəlxalq arenada inkişafının növbəti göstəricisi kimi qiymətləndirilib.

Qeyd olunur ki, çempionat çərçivəsində Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos ilə görüş keçirib. Görüş zamanı Azərbaycanda karatenin inkişafı, beynəlxalq əməkdaşlıq imkanları və gələcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda dünya şöhrətli yapon karate ustası, 9-cu dan qara kəmər sahibi Şixan Kaqava ilə də görüş olub, karate sahəsində təcrübə və inkişaf perspektivləri müzakirə edilib.

Mənbə: report.az

Xəbər lenti