ABŞ və İran tərəfindən üzərində işlənən ilkin razılaşmalara atəşkəsin 60 gün uzadılması və Hörmüz boğazında gəmiçiliyin 30 gün ərzində bərpası daxildir.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
ABŞ administrasiyasındakı mənbənin məlumatına görə, Vaşinqton və Tehran İranda müharibəyə birdəfəlik son qoymaq məqsədilə yekun razılaşmaya nail olmaq üçün 60 günlük atəşkəs müddətinin uzadılmasını nəzərdə tutan anlaşma memorandumunun konturlarını hazırlayıblar.
Lakin nəşr tərəflərin hələ heç bir sənəd imzalamadığını və İran hakimiyyətinin hələ də yekun təsdiqini vermədiyini aydınlaşdırır.
Qəzetin diplomatik mənbəyinin sözlərinə görə, memorandum imzalandıqdan sonra İran Hörmüz boğazını dərhal açacaq və gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qaytarılması üçün addımlar atacaq.
İlkin razılaşmalarda həmçinin İran, ABŞ və onların müttəfiqlərinin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını elan etməsi də nəzərdə tutulur.
Mənbə: report.az