Bakıdan Tbilisiyə qatarla səfər müddəti təxminən 9 saat 30 dəqiqə təşkil edir, bunun təqribən 2 saatı sərhəd-gömrük prosedurlarına sərf olunur - hər iki ölkənin sərhədində 1 saatlıq yoxlama həyata keçirilir.
Bunu "Report"un Gürcüstan bürosuna Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
O qeyd edib ki, artıq Bakı və Tbilisi istiqamətində gündəlik sərnişin qatarları hərəkətə başlayıb:
"Qatar Bakıdan saat 23:10-da, Tbilisidən isə saat 21:00-da yola düşür. Marşrut üzrə sərnişin tələbatı yüksəkdir və artan maraq səbəbindən bəzi reyslərə əlavə vaqonlar qoşulub. Satışa çıxarılan 8400 biletdən 70 faizdən çoxu artıq satılıb. Qatarlar Azərbaycan ərazisində Biləcəri, Yevlax, Gəncə və Ağstafa beynəlxalq stansiyalarında dayanır. Gürcüstan ərazisində isə Qardabani və Tbilisi Dəmir Yolu Vağzalında dayanır".
Qeyd edək ki, Bakı–Tbilisi–Bakı sərnişin qatarının hərəkəti 6 illik fasilədən sonra bərpa olunub və reyslərin gündəlik icrası planlaşdırılır.
Mənbə: report.az