IMG-LOGO

Niyə insanlar yaşlandıqca daha az gülümsəyirlər? - Tədqiqat

25 Jun 2026 16:12 4 baxış
IMG
3 0

Alimlər uşaqların niyə böyüklərlə müqayisədə daha çox gülümsədiyini araşdırıblar. Tədqiqatlara görə, uşaqlar gün ərzində orta hesabla 400 dəfə gülümsəyir, böyüklərdə isə bu göstərici cəmi 17 dəfədir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu fərq yalnız yaşla bağlı deyil.

Həyat tərzinin dəyişməsi, məsuliyyətlərin artması və ətraf mühitin emosional qavranılması da gülümsəmə tezliyinə ciddi təsir göstərir. Araşdırmalara əsasən, gülümsəmək bacarığı hələ insan doğulmamışdan əvvəl formalaşmağa başlayır.

Körpələr dünyaya gəldikdən sonra əvvəlcə refleks olaraq gülümsəyirlər, bir müddət sonra isə ətrafdakı insanlara və hadisələrə şüurlu şəkildə reaksiya verməyə başlayırlar.

Alimlərin fikrincə, yaş artdıqca gülümsəmələrin sayı tədricən azalır. Bunun əsas səbəbi uşaqların daha səmimi emosiyalar yaşaması, kiçik şeylərdən belə sevinc duyması və streslə daha az qarşılaşmasıdır. Böyüklərin həyatı isə iş, məsuliyyət və gündəlik qayğılarla müşayiət olunduğundan onların emosional vəziyyətinə təsir göstərir.

Tədqiqatlar göstərir ki, gülümsəmək təkcə xoş əhval-ruhiyyənin göstəricisi deyil. Bu zaman orqanizmdə müxtəlif fizioloji proseslər işə düşür və insan özünü daha xoşbəxt hiss edə bilir. Psixoloqlar bildirirlər ki, ümumilikdə 19 müxtəlif gülümsəmə növü mövcuddur.

Sosial gülümsəmələr gündəlik ünsiyyətdə istifadə olunur və üz əzələlərinin minimum fəaliyyəti ilə yaranır. Səmimi gülümsəmə isə həqiqi emosiyalar nəticəsində meydana gəlir və daha çox üz əzələsinin işləməsini tələb edir.

Mütəxəssislərin sözlərinə görə, həqiqi gülümsəməni süni gülümsəmədən gözlərə baxaraq ayırd etmək mümkündür. İnsan səmimi sevinc hiss etdikdə göz ətrafında xırda qırışlar yaranır, baxışları isə daha canlı və açıq görünür.

Alimlər hesab edirlər ki, yaş artdıqca gülümsəmələrin azalması təbii prosesdir. Bununla belə, müsbət emosiyaları qorumaq və kiçik şeylərdən zövq almağı bacarmaq insanın psixoloji sağlamlığını və həyat keyfiyyətini uzun illər yüksək səviyyədə saxlamağa kömək edir.

gülümsəmə

Mənbə: lent.az

Xəbər lenti