IMG-LOGO

Yayda pəncərəni açmaq kif və allergiya riskini artıra bilər

29 Jun 2026 09:50 6 baxış
IMG
0 0

Yay aylarında mənzildə temperatur yüksəldikcə gecələr rahat yatmaq çətinləşir. Buna görə də bir çox insan otağı sərinlətmək üçün pəncərəni bütün gecə açıq saxlayır. Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş hər zaman gözlənilən nəticəni vermir və hətta bəzi problemlərə səbəb ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, gecə saatlarında havanın temperaturu aşağı düşsə də, onun rütubət səviyyəsi gündüzlə müqayisədə daha yüksək ola bilər. Pəncərə bütün gecə açıq qaldıqda bu rütubət mənzilə daxil olur. Nəticədə evdə nəmlik artır ki, bu da təkcə rahatlığı azaltmır, həm də kif göbələklərinin yaranması üçün əlverişli mühit yaradır. Uzun müddət yüksək rütubət şəraitində yaşamaq isə sağlamlığa mənfi təsir göstərə bilər.

Niyə pəncərəni bütün gecə açıq saxlamaq məsləhət görülmür?

Daimi havalandırma nəticəsində mənzildə rütubətin artması kif göbələklərinin və toz gənələrinin çoxalmasına şərait yarada bilər. Bu isə allergik reaksiyalar, tənəffüs sistemi problemləri və hətta astma riskini artıra bilər. Bundan əlavə, açıq pəncərədən evə küçə tozu, havanı çirkləndirən hissəciklər, bitki tozcuqları və müxtəlif həşəratlar daha asan daxil olur.

Mütəxəssislər bildirirlər ki, gecələr hava gündüzdən sərin olsa da, xüsusilə iri şəhərlərdə bu temperatur fərqi hər zaman mənzili nəzərəçarpacaq dərəcədə soyutmaq üçün kifayət etmir. Buna səbəb şəhərlərdə müşahidə olunan "istilik adası effekti"dir. Bu zaman asfalt, beton binalar və digər tikililər gün ərzində topladıqları istiliyi gecə də ətrafa yaymağa davam edir.

Yayda evi necə sərin saxlamaq olar?

Mütəxəssislər otağı gecə boyu açıq saxlamaq əvəzinə, səhər tezdən və axşam saatlarında qısa müddət intensiv havalandırma aparmağı məsləhət görürlər. Gün ərzində isə pərdələri və jalüzləri bağlı saxlamaq, birbaşa günəş şüalarının otağa daxil olmasının qarşısını almaq daha effektiv üsul hesab olunur.

Əgər gecə pəncərə açılırsa, otaqdakı rütubət səviyyəsini də nəzarətdə saxlamaq vacibdir. Beləliklə, həm daha rahat yuxu təmin etmək, həm də mənzildə kif və digər problemlərin yaranma riskini azaltmaq mümkündür.

 

Maraq yay istisi pəncərə havalandırma

Mənbə: lent.az

Xəbər lenti