Yaponiyalı alimlər itirilmiş dişlərin yerinə insan orqanizmində yeni təbii dişlərin yetişməsinə imkan verə biləcək preparat üzərində çalışırlar. Yeni texnologiya artıq insanlar üzərində klinik sınaqların ilk mərhələsini uğurla keçib. Əgər bu üsul gözlənilən nəticəni versə, gələcəkdə diş implantları və protezlərə ehtiyac əhəmiyyətli dərəcədə azala bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmanın əsasını USAG-1 adlı zülalın fəaliyyətinin zəiflədilməsi təşkil edir.
Alimlər hesab edirlər ki, bu zülal dişlərin inkişafını məhdudlaşdırır. Onun fəaliyyəti dayandırıldıqda isə orqanizmdə yeni dişlərin formalaşması mümkün ola bilər.
Heyvanlar üzərində uğurlu nəticələr əldə edilibBu istiqamətdə aparılan ilkin təcrübələr ümidverici nəticələr göstərib. Siçanlar üzərində aparılan sınaqlarda USAG-1 zülalının fəaliyyəti zəiflədildikdən sonra yeni dişlərin inkişaf etdiyi müşahidə olunub.
Layihənin əsası 2021-ci ildə dərc edilən elmi araşdırmaya söykənir. Həmin tədqiqat göstərmişdi ki, USAG-1 zülalına lokal təsir siçanlarda dişlərin sayını dəyişə bilir.
İnsanlar üzərində ilk sınaqlar başa çatıbSonrakı mərhələdə tədqiqat klinik sınaqlara keçirilib. TRG035 adlı preparatın insanlar üzərində ilk sınağında yaşı 30-65 arasında olan, ən azı bir azı dişi olmayan 30 sağlam kişi iştirak edib.
Sınaqların əsas məqsədi preparatın müxtəlif dozalarının təhlükəsizliyini qiymətləndirmək olub.
Tədqiqatın rəhbəri Katsu Takahaşi bildirib ki, yeni diş yetişdirmək ideyası uzun illərdir onun ən böyük arzusu olub.
"Yeni diş yetişdirmək hər bir stomatoloqun arzusudur. Mən aspiranturada oxuduğum dövrdən bu istiqamətdə çalışıram və həmişə inanmışam ki, bunu reallaşdırmaq mümkün olacaq", – alim bildirib.
İmplant və protezləri tam əvəz etməyəcəkKatsu Takahaşi vurğulayıb ki, yeni preparat mövcud müalicə üsullarını tam əvəz etmək üçün nəzərdə tutulmayıb.
Onun sözlərinə görə, məqsəd diş protezləri və implantlarla yanaşı, dişlərin bərpası üçün üçüncü alternativ müalicə üsulu yaratmaqdır.
Preparat əvvəlcə nadir xəstəlikdən əziyyət çəkənlərə tətbiq ediləcəkPreparatı hazırlayan Toregem BioPharma şirkəti onu ilk növbədə anadangəlmə bir neçə daimi dişin olmaması ilə xarakterizə olunan nadir xəstəliyin müalicəsində istifadə etməyi planlaşdırır.
Bu xəstəlik dünya əhalisinin təxminən 0,1 faizində müşahidə olunur.
Dişlərini kariyes, travma və ya yaşlanma səbəbindən itirən insanların müalicəsində preparatın istifadəsi isə daha sonrakı mərhələlərdə nəzərdən keçiriləcək.
Hələlik yekun nəticə yoxdurAlimlər optimist olsalar da, preparatın insanlarda tam formalaşmış, düzgün yerləşən və normal funksiyanı yerinə yetirən diş yetişdirəcəyini təsdiqləyən qəti elmi sübut hələ mövcud deyil.
Hazırda Yaponiyada klinik sınaqların ikinci mərhələsinə hazırlıq gedir. Şirkət bu məqsədlə əlavə maliyyə dəstəyi əldə edib.
Tədqiqatçılar texnologiyanın 2030-cu ilə qədər praktik tibbdə tətbiq olunacağına ümid etsələr də, bunun hələlik yalnız hədəf olduğunu və yekun uğurun növbəti sınaqların nəticələrindən asılı olacağını bildirirlər.
Alimlər qocalmanı ölçən yeni üsul da hazırlayıblarBu arada, Harvard Universitetinin alimləri insan genomunda "genetik saat" adlandırdıqları yeni mexanizm aşkar ediblər. Onlar bioloji yaşı DNT-dəki dəyişikliklərə deyil, genlərin aktivliyinə əsasən müəyyən edən yeni metod hazırlayıblar.
Tədqiqatçılar hesab edirlər ki, bu üsul gələcəkdə müxtəlif xəstəliklərin riskini və insanın qocalma sürətini daha dəqiq proqnozlaşdırmağa kömək edə bilər.
diş insan alimlərMənbə: lent.az