IMG-LOGO

Ceki Çan və onun manevrlərini canlandıran beş əfsanəvi film

14 Jul 2026 19:20 3 baxış
IMG
10 0

Hollivud filmlərində döyüş səhnələri daha çox xüsusi effektlər və quruluş üzərində qurulub. Lakin 1970–1990-cı illərdə Honq Konqda çəkilən döyüş filmlərində zərbələrin əksəriyyəti həqiqi idi. Belə ki, Ceki Çanın filmləri bu janrı tamamilə yeni səviyyəyə qaldıraraq döyüş səhnələrini ekranın əsas elementinə çevirdi.

Lent.az aktyorun karyerasında xüsusi yer tutan beş döyüş filmini  təqdim edir:

"Drunken Master"

Bu film gənc kaskadyor Ceki Çanı əsl kino ulduzuna çevirdi. Ekran əsəri həmin il nümayiş olunan "Snake in the Eagle's Shadow" filmindən Honq Konq kassasında 2,5 dəfə çox gəlir əldə etdi. Qeyd edək ki, filmdə Ceki Çan kunq-fu ustasının dəcəl oğlunu canlandırır. 

"Project A"

Film xüsusilə saat qülləsindən edilən məşhur tullanma səhnəsi ilə yadda qalıb. Bu epizod 1923-cü ildə çəkilmiş "Safety Last!" səssiz filmindən ilhamlanaraq hazırlanıb. Ceki Çan həmin səhnəni çəkməzdən əvvəl bir həftə məşq edib. O, təhlükəsizlik kəməri, dublyor və kompüter effektləri olmadan sadəcə əllərini buraxaraq aşağı tullanıb.

"Wheels on Meals"

Filmin final döyüşü Ceki Çan ilə peşəkar kikboksçu Benni Urkides arasında baş tutur. Kino tənqidçiləri bu qarşıdurmanı döyüş filmləri tarixinin ən yaxşı səhnələrindən biri hesab edirlər.

Təxminən 20 il peşəkar rinqdə demək olar ki, məğlub olmayan Urkides zərbələri həqiqətən vururdu. Nəticədə aktyorların aldıqları real zərbələr səbəbindən çəkilişlər bir neçə dəfə dayandırılıb.

"Police Story"

Bu filmdə Ceki Çan təkcə baş rolu canlandırmayıb, həm də təhlükəli kaskadyor səhnələrinin quruluşuna rəhbərlik edib və onların hamısını özü yerinə yetirib.

Ticarət mərkəzində vitrinlərin sındırıldığı, lampalarla bəzədilmiş dirək boyunca sürüşmə səhnəsi bu gün də kino tarixinin ən təsirli və real döyüş epizodlarından biri hesab olunur.

"Armour of God"

"Armour of God" filminin çəkilişləri zamanı Ceki Çan ölüm təhlükəsi ilə üz-üzə qalıb.

Ağaca tullanarkən budaq qırılıb və aktyorun başı qayaya çırpılıb. Nəticədə kəllə sümüyünün bir hissəsi beyin qişasını zədələyib, qulağından qan axmağa başlayıb. Onun həyatını isə təsadüf nəticəsində həmin vaxt yaxınlıqda keçirilən konfransda iştirak edən isveçrəli neyrocərrah xilas edib.

Ceki Çan döyüş filmləri kino

Mənbə: lent.az

Xəbər lenti