Yay aylarında yüksək temperatur uşaqlar üçün ciddi sağlamlıq riski yaradır. Pediatr Darya Vlasenkonun sözlərinə görə, istilik vurması çox qısa müddətdə inkişaf edə və vaxtında müdaxilə edilməzsə, uşağın həyatı üçün təhlükə yarada bilər. Mütəxəssis bildirib ki, valideynlər isti havalarda uşaqların vəziyyətini diqqətlə izləməli, ilk əlamətləri vaxtında tanımalı və düzgün ilk yardım göstərməyi bacarmalıdırlar.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, istilik vurması orqanizmin həddindən artıq qızmasının ən ağır nəticələrindən biridir. Bu zaman yüksək temperatur və susuzlaşma səbəbindən bədən özünü sərinlədə bilmir. Nəticədə bədən hərarəti 40°C-dən yuxarı qalxa, mərkəzi sinir sisteminin fəaliyyəti pozula və həyati təhlükə yarana bilər.
Təcili tibbi yardım tələb edən əlamətlər
Pediatr bildirir ki, uşaq uzun müddət günəş altında qaldıqdan və ya güclü fiziki aktivlikdən sonra aşağıdakı əlamətlər yaranarsa, dərhal təcili tibbi yardım çağırılmalıdır:
bədən hərarətinin 40°C-dən yuxarı qalxması;
dərinin isti, qızarmış və eyni zamanda quru olması, tərləmənin dayanması;
şüurun qarışması, orientasiyanın itməsi, həddindən artıq həyəcan və ya huşun itməsi; qıcolmalar;
ürək döyüntüsünün və tənəffüsün sürətlənməsi.
Bu əlamətlər istilik vurmasının göstəricisi ola bilər və təxirəsalınmaz tibbi yardım tələb edir.
Orqanizm əvvəlcədən xəbərdarlıq edir
İstilik vurmasından əvvəl adətən orqanizm müəyyən siqnallar verir. Onlara aşağıdakılar daxildir:
güclü susuzluq hissi;
yuxululuq;
baş ağrısı;
kəskin halsızlıq;
həddindən artıq tərləmə.
Belə vəziyyətdə uşaq dərhal sərin yerə aparılmalı, bədəni soyudulmalı və kifayət qədər maye qəbul etməsi təmin edilməlidir. Əgər 15-30 dəqiqə ərzində vəziyyət yaxşılaşmırsa, daha ağır vəziyyətin inkişaf etməsi mümkündür.
İlk yardım necə göstərilməlidir?
Mütəxəssisin sözlərinə görə, ilk növbədə uşaq günəşdən uzaqlaşdırılaraq sərin otağa və ya ventilyator olan yerə aparılmalıdır. Artıq geyimləri çıxarılmalı və ayaqları bir qədər yuxarı qaldırılmalıdır. Ətraf mühit də isti olduqda bədəni nəm dəsmalla silmək, sərin su ilə islatmaq və ya hava axını ilə soyutmaq tövsiyə olunur.
İstilik vurmasından şübhələnildikdə təcili yardım çağırmaq gecikdirilməməli, eyni zamanda bədənin soyudulmasına dərhal başlanmalıdır. Bədən temperaturunu azaltmaq üçün sərin duş, ilıq vannadan istifadə etmək və ya bədəni nəm parça ilə mütəmadi silmək olar. Dəri artıq isti hiss olunmayana qədər soyutma davam etdirilməlidir. Əgər uşaq huşu yerindədirsə və uda bilirsə, ona hər 1-2 dəqiqədən bir 1-2 çay qaşığı olmaqla sərin su vermək lazımdır.
Qısa müddətdə çoxlu su içirməyə çalışmaq düzgün deyil. Əgər uşaq huşunu itiribsə və ya qusursa, onu böyrü üstə uzatmaq, nəfəsini və nəbzini davamlı nəzarətdə saxlamaq vacibdir.
Nələr etmək olmaz?
Pediatr vurğulayır ki, həkim gələnə qədər uşağa parasetamol və ya ibuprofen kimi hərarətsalıcı dərmanlar vermək olmaz. Bu preparatlar istilik vurmasını aradan qaldırmır və bəzi hallarda vəziyyəti daha da ağırlaşdıra bilər. Həmçinin çay, qəhvə və digər tonuslandırıcı içkilər də tövsiyə edilmir.
Kimlər daha çox risk altındadır?
İstilik vurması xüsusilə aşağıdakı uşaqlarda daha təhlükəli hesab olunur:
körpələr və 3 yaşdan kiçik uşaqlar;
ürək, ağciyər, böyrək xəstəlikləri, şəkərli diabet, piylənmə, kistik fibroz kimi xroniki xəstəlikləri olan uşaqlar;
yaxın zamanda virus və ya bakterial infeksiya keçirmiş uşaqlar;
isti iqlimə uyğunlaşmamış uşaqlar.
Mütəxəssis xüsusilə vurğulayır ki, günəş altında qalmış avtomobildə uşağın tək buraxılması son dərəcə təhlükəlidir. Avtomobil salonunda temperatur çox qısa müddətdə kritik həddə yüksələ bilər və bu, istilik vurmasına səbəb ola bilər.
İstilik vurmasından sonra nələrə diqqət edilməlidir?
Uşağın vəziyyəti normallaşsa belə, növbəti 1-2 gün ərzində fiziki yüklənmədən, uzun müddət günəş altında qalmaqdan və yenidən həddindən artıq isinməyə səbəb ola biləcək hallardan uzaq tutulması tövsiyə olunur.
Pediatrın sözlərinə görə, vaxtında yardım göstərildiyi halda uşaqların əksəriyyəti 24-36 saat ərzində tam bərpa olunur.
Uşaq istilik vurması uşaq sağlamlığı pediatrMənbə: lent.az