IMG-LOGO

Yanlış pensiya təyinatı halları ilə bağlı DSMF sədrindən AÇIQLAMA

15 Jul 2026 12:04 3 baxış
IMG
0 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyevin APA-ya müsahibə verib. 

Lent.az həmin müsahibənin bir hissəsini təqdim edir: 

"Rəqəmsal müstəvidə göstərilən xidmətlər insan amilini və subyektiv qərarları tamamilə kənarlaşdırır. Mərkəzləşdirilmiş elektron informasiya sistemimizin altsistemlərinin funksionallığı sayəsində eyni statusda olan, hüquq tanınması üçün tələb edilən eyni göstəriciləri olan şəxslərə fərqli sosial ödənişin təyin edilməsi mümkün deyil. Əvvəllər əl ilə aparılan təyinatlarda yanlışlıqlar istisna deyildisə, indi inteqrasiya olunmuş sistemlər üzərindən aparılan təyinatlarda yanlışlıq ehtimalı sıfıra bərabərdir, bir şərtlə ki, həmin sistemlərə vaxtilə təqdim olunmuş məlumatlar doğru olsun. Yəni rəqəmsal transformasiyaya keçid və onun uğur qazanması tək rəqəmsal müstəvidə təyinatların aparılması, xidmətlərin göstərilməsindən ibarət deyil. Qeyd olunduğu kimi, burada məlumatların etibarlılığı çox mühüm rol oynayır. Həm biz dövlət qurumu olaraq istifadə etdiyimiz məlumatların doğruluğuna əmin olmalıyıq – bunun üçün biz artıq qeyd etdiyim kimi ötən 6 il ərzində xeyli iri həcmli tədbirlər həyata keçirmişik: 1 milyona yaxın sosial ödəniş işini həm kağız, həm də elektron daşıyıcılarda bir-bir inventarlaşdırıb staj, xidmət illəri, pensiya kapitalı, ailə tərkibi, hüquqi statusu təsdiq edən digər çoxsaylı məlumatlara dair milyonlarla faktı səhihləşdirmiş, ödənilmiş, lakin fərdi hesablarda qeydə alınmamış 1,2 milyard manatdan artıq vəsaitin hesablar üzrə bölüşdürülməsini təmin etmişik və s. Ümid edirik ki, emal etdikləri məlumatları informasiya sistemləri üzərindən qəbul etdiyimiz digər qurumlarda da bu cür təmizləmə işləri mütəmadi aparılıb. Eyni zamanda həm də vətəndaşlar dövlətin informasiya sistemlərindəki məlumatlarına etimad göstərməlidirlər. Bundan əvvəl isə hər bir kəs dövlət orqanlarına təqdim etdiyi sənədlərin və məlumatların düzgünlüyünə fikir verməlidir, əks halda bu, gələcəkdə onun tanınan hüquqlarının mübahisələndirilməsinə səbəb ola bilər.

Statistika göstərdiyimiz xidmətlərə etimadın müsbət dinamikasını aydın göstərir. 2019-cu ildə rəqəmsal dəyişikliklərə başladığımız dövrdə yaşa görə əmək pensiyası təyinatlarının yalnız 11 faizində vətəndaşlar geri müraciət etmirdilər – təyinat alanların 79 faizi pensiyanın düzgün hesablanmadığını düşünərək yenidən müraciət edirdi. Çünki proaktiv təyinatlarımıza etimad az idi, həmçinin vətəndaşlarımız bu innovativ yeniliyə alışmamışdılar, düşünürdülər ki, məsələn, pensiya məbləğinin doğruluğunu mütləq hansısa məmurun dilindən eşitmək lazımdır. Hazırda isə belə hallar minimuma enib: vətəndaş bu müddət ərzində əmin olub ki, elektron informasiya sistemlərindəki məlumatları doğrudur və pensiyası düzgün məbləğdə təyin edilir".

pensiya sosial təminat

Mənbə: lent.az

Xəbər lenti