IMG-LOGO

Qırmızı ət və kolbasanın əsas təhlükəsi AÇIQLANDI

15 Jul 2026 17:14 3 baxış
IMG
0 0

Qırmızı ətin, xüsusilə də qızardılmış və hisə verilmiş formada, eləcə də kolbasa və digər emal olunmuş ət məhsullarının müntəzəm istehlakı ürəyin işemik xəstəliyi riskini əhəmiyyətli dərəcədə artıra bilər. Bu nəticə alimlərin 30 il ərzində apardıqları genişmiqyaslı araşdırmada öz əksini tapıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, elmi nəticələri Critical Reviews in Food Science and Nutrition jurnalında dərc olunan və CNN tərəfindən işıqlandırılan araşdırmada Oksford Universitetinin alimləri 30 il ərzində 1,4 milyondan çox insanın sağlamlıq göstəricilərini təhlil ediblər.

Araşdırmaya əsasən, hər gün təxminən 50 qram qırmızı ət – mal, qoyun və ya donuz əti istehlak edən insanlarda ürəyin işemik xəstəliyinə tutulma riski 9 faiz artır. Emal olunmuş ət məhsullarında isə risk daha yüksəkdir. Alimlər müəyyən ediblər ki, gündə 50 qram kolbasa, vetçina və ya bekon qəbul etmək ürəyin işemik xəstəliyi riskini 18 faiz yüksəldir.

Toyuq və hinduşka üçün belə risk aşkar edilməyib

Tədqiqatın müsbət tərəfi odur ki, ev quşlarının, xüsusilə toyuq və hinduşka ətinin istehlakı ilə ürəyin işemik xəstəliyi arasında əlaqə müəyyən edilməyib. Mütəxəssislərin fikrincə, bu məhsullar emal olunmuş ət məhsulları ilə müqayisədə daha az duz və doymuş yağ ehtiva etdiyi üçün daha sağlam seçim hesab olunur.

Niyə qırmızı ət ürək üçün təhlükəli sayılır?

Ürəyin işemik xəstəliyi dünyada ölümə səbəb olan əsas xəstəliklərdən biri olaraq qalır. Xəstəlik ürəyi qidalandıran damarların daralması və ya tutulması nəticəsində yaranır, bu isə infarkt və digər ağır ürək problemlərinə gətirib çıxara bilər. Alimlər bildirirlər ki, heyvan mənşəli məhsullarda olan doymuş yağlar damar divarlarında piy yığıntılarının əmələ gəlməsini sürətləndirə bilər. Emal olunmuş ət məhsullarında yüksək miqdarda olan duz isə arterial təzyiqi yüksəldərək ürəyə düşən yükü artırır və qan dövranını pozur.

Alimlərin tövsiyəsi

Tədqiqat müəllifləri sağlam qidalanmaya daha çox üstünlük verməyi məsləhət görürlər. Onların sözlərinə görə, gündəlik rasionda tərəvəz, meyvə, tam taxıl məhsulları və bitki mənşəli qidaların payının artırılması ürək-damar xəstəliklərinin inkişaf riskini azaltmağa kömək edə bilər.

Sosial ət qırmızı ət kolbasa ürək xəstəlikləri

Mənbə: lent.az

Xəbər lenti