IMG-LOGO

Valideynlərin sevmədiyi bu uşaq vərdişi dahiliyin əlaməti ola bilər

23 Jul 2026 14:57 4 baxış
IMG
0 0

Valideynlər tez-tez azyaşlı övladlarının onlara yalan danışdığı hallarla qarşılaşırlar. Şirniyyat almaq, cəzadan yayınmaq və ya istədiyini əldə etmək üçün deyilən kiçik yalanlar böyükləri narahat edə bilər. Lakin psixoloqlar bildirirlər ki, erkən yaşlarda yalan danışmaq əksər hallarda normal inkişaf prosesinin bir hissəsidir və hətta yüksək intellektin göstəricisi ola bilər.

Lent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yalan danışmaq uşağın zehni inkişafında müəyyən mərhələyə çatdığını göstərir. Tədqiqatlar göstərir ki, uşaqların təxminən 30 faizi iki yaşında, yarısı üç yaşında, 80 faizi isə dörd yaşına qədər müəyyən hallarda yalan danışmağa başlayır. Tətbiqi psixologiya və insan inkişafı üzrə professor Kan Li bildirir ki, uşağın yalan danışa bilməsi üçün iki mühüm bacarığı formalaşmalıdır. Birincisi, uşaq başqalarının düşüncələrinin öz düşüncələrindən fərqli olduğunu dərk etməlidir. Başqa sözlə, o anlamalıdır ki, qarşı tərəf onun bildiyi hər şeyi bilmir. Psixologiyada bu bacarıq "zehin nəzəriyyəsi" adlanır.

İkinci vacib xüsusiyyət isə özünü idarəetmə bacarığıdır. Uşaq danışığını, mimikasını və bədən dilini nəzarətdə saxlaya bilməlidir. Əks halda dediyi yalan inandırıcı görünməyəcək. Araşdırmalar göstərir ki, bu bacarıqları daha erkən inkişaf edən uşaqlar daha mürəkkəb şəkildə yalan danışa bilirlər. Alimlər bunun intellekt, yaradıcılıq və güclü idrak qabiliyyəti ilə əlaqəli olduğunu bildirirlər. Uşaq psixiatrı Maykl Brodinin sözlərinə görə, kiçik yaşlı uşaqlar hələ həqiqətlə fantaziyanı tam ayırd edə bilmirlər. Onların özünü əjdaha, şahzadə və ya başqa nağıl qəhrəmanı kimi təqdim etməsi zəngin təxəyyülün və sağlam psixoloji inkişafın təbii göstəricisidir. Mütəxəssislər vurğulayırlar ki, bu yaş dövründə yalan danışmaq həmişə mənfi davranış kimi qiymətləndirilməməlidir. Əksər hallarda bu, uşağın düşünmə, təsəvvür etmə və sosial bacarıqlarının inkişaf etdiyini göstərir. Bununla belə, psixoloqlar valideynlərə yalanı təşviq etməməyi, eyni zamanda uşağı sərt şəkildə cəzalandırmaq əvəzinə onun niyə belə davrandığını anlamağa çalışmağı tövsiyə edirlər. Bu yanaşma uşağın dürüstlüyü öyrənməsinə və sağlam ünsiyyət bacarıqları formalaşdırmasına daha çox kömək edir.

Uşaq valideyn uşaq tərbiyəsi

Mənbə: lent.az

Xəbər lenti