2026-cı ildə dəbdəbəli istirahət üçün böyük büdcəyə ehtiyac yoxdur. Dünyanın müxtəlif bölgələrində yerləşən az tanınan kurortlar həm təbiəti, həm də münasib qiymətləri ilə turistlərin diqqətini cəlb edir. Ağ qumlu çimərliklər, təmiz dəniz, qədim şəhərlər və ekzotik mənzərələr bəzi istiqamətlərdə gözləniləndən qat-qat ucuz başa gəlir.
Lent.az bu məkanları təqdim edir:
Albaniya Rivyerası - Ksamil və Dermi
Albaniyanın Ksamil və Dermi kurortları son illərdə "yeni Xorvatiya" adlandırılır. Firuzəyi dənizi və ağ qumlu sahilləri ilə Maldiv adalarını xatırladan bu bölgədə səhər yeməyi daxil qonaq evində gecələmək 25-35 dollara başa gəlir. İki nəfərlik dəniz məhsulları və şərabdan ibarət şam yeməyi isə təxminən 20-25 dollardır.
Bolqarıstan - Plovdiv və Günəşli Sahil
Bolqarıstan Avropa İttifaqında ən sərfəli dəniz və mədəni turizm istiqamətlərindən biri olaraq qalır. Dənizkənarı oteldə gecələmək 30-45 dollar, yerli restoranlarda nahar isə 12 dollardan aşağıdır. Yerli pivə və ya şərabın qiyməti 1,5-2 dollar arasında dəyişir.
Tayland - Ko Çanq adası
Bahalı Phuket və Pattaya əvəzinə turistlər getdikcə daha çox Ko Çanq adasını seçirlər. Burada çimərlikdə yerləşən bungalovlarda gecələmək 15-25 dollara mümkündür. Məşhur Pad Tay yeməyi 1,5-2 dollar, skuter icarəsi isə gündə cəmi 5 dollardır.
Vyetnam - Mui Ne
Mui Ne münasib qiymətləri ilə seçilən kurortlardan biridir. Hovuzlu oteldə gecələmək 18-25 dollara başa gəlir. Ənənəvi "Pho" şorbası 1-1,5 dollar, təzə qızardılmış krevetkalardan ibarət şam yeməyi isə 5-7 dollar təşkil edir.
Bosniya və Herseqovina - Sarayevo
Dənizdən çox mədəni istirahətə üstünlük verənlər üçün Sarayevo Avropanın ən sərfəli şəhərlərindən sayılır. Şəhərin mərkəzində mənzil kirayəsi 30 dollardan başlayır. Ənənəvi "çevapi" yeməyi 3-4 dollar, ictimai nəqliyyat bileti isə 1 dollardan ucuzdur.
Türkiyə - Marmaris və Alanya
Türkiyədə "all inclusive" sistemindən kənarda istirahət etmək də kifayət qədər sərfəlidir. Mənzil kirayəsi gündəlik 25-40 dollar, yerli yeməkxanalarda nahar 4-6 dollar, sahildə türk çayı və ya qəhvəsi isə 0,8-1,2 dollardır.
Şri-Lanka - Unavatuna və Hikkaduva
Şri-Lanka 2026-cı ildə sürətlə populyarlaşan istiqamətlərdən biridir. Qonaq evində otaq 10-20 dollar, iki nəfərlik düyülü köri yeməyi 2-4 dollar, məşhur Ella-Kandi qatar marşrutu isə cəmi 3 dollardır.
Laos - Vanq Vienq
Cənub-Şərqi Asiyanın ən sərfəli ölkələrindən biri olan Laosda Vanq Vienq gölü ətrafında dağ mənzərəli otaqlar 12-18 dollara təklif olunur. Günlük kayak icarəsi 8 dollar, yerli Lao pivəsi isə təxminən 1 dollardır. Səyahət mütəxəssisləri bildirirlər ki, 2026-cı ildə Balkan ölkələri və Asiyada nağd ödəniş hələ də üstünlük təşkil edir. Kiçik otellər və restoranlarda nağd ödəniş edən turistlər çox vaxt 10-15 faiz endirim əldə edə bilirlər. Bu da ümumi səyahət xərclərini daha da azaltmağa imkan verir.
Travel səyahət məkanları ucuz istirahət 2026 turizmMənbə: lent.az