IMG-LOGO

Abaşidze: ADDL Orta Dəhlizə mühüm töhfə verəcək

01 Aug 2026 18:26 3 baxış
IMG

Anakliya Dərin Dəniz Limanının (ADDL) tikintisi çərçivəsində ilk dibçəkmə gəmisi limanın dəniz akvatoriyasına daxil olub və layihənin yeni mərhələsinə start verilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Dəniz Nəqliyyatı Agentliyinin direktoru İvane Abaşidze bildirib.

Onun sözlərinə görə, qanunvericiliklə nəzərdə tutulan prosedurlar başa çatdıqdan sonra "Tristao Da Cunha" adlı dibçəkmə gəmisi dalğaqıran kanalının tikintisi üçün dəniz dibinin dərinləşdirilməsi işlərinə başlayacaq.

İ. Abaşidze qeyd edib ki, hazırda limanda ilk dibçəkmə gəmisi əsasən dalğaqıran ərazisində işlər aparacaq. Bir neçə həftə ərzində isə ona limanın giriş kanalı və daxili akvatoriyasının dərinləşdirilməsi işlərini həyata keçirəcək ikinci üzən qurğu qoşulacaq.

Agentlik rəhbərinin sözlərinə görə, son illərdə Gürcüstan limanlarında yük dövriyyəsi əhəmiyyətli dərəcədə artıb və mövcud limanların imkanlarından demək olar ki, tam istifadə olunur.

O bildirib ki, ADDL-in istismara verilməsi Mərkəzi Asiya, Asiyanın digər bölgələri və Avropanı birləşdirən Orta Dəhliz boyunca yük daşımalarının artmasına mühüm töhfə verəcək.

Məlumata görə, layihə çərçivəsində dəniz dibi 17,5 metrədək dərinləşdiriləcək, növbəti mərhələdə isə uzunluğu 1 380 metr olan dalğaqıran inşa ediləcək. İşlərin əvvəlcədən təsdiq olunmuş qrafikə uyğun davam etdirildiyi bildirilib.

Mənbə: report.az

Xəbər lenti