IMG-LOGO

Britaniyanın müdafiə naziri ianə qalmaqalının mərkəzindədir

06 Aug 2026 06:22 4 baxış
IMG

Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq 2022–2023-cü illərdə Labour for the Long Term (LLT) analitik mərkəzindən ümumilikdə 37,5 min funt sterlinq məbləğində ianə alıb. Məlumata görə, bu təşkilatın təsisçisi daha əvvəl fırıldaqçılıqda məhkum olunmuş kriptovalyuta birjası FTX-in yaradıcısı Sem Benkman-Friddən 500 min dollar vəsait əldə edib.

"Report" xəbər verir ki, bu barədə The Telegraph məlumat yayıb.

Vəsait LLT-nin Stritinqə ilk ianəsini etməsindən təxminən bir ay əvvəl təşkilatın təsisçisi Devid Lourensə köçürülüb. Bildirilib ki, Böyük Britaniya qanunvericiliyinə əsasən, siyasətçilərə xarici vətəndaşlardan 500 funt sterlinqdən artıq ianə qəbul etmək qadağandır. Lakin bu cür vəsaitlər ölkədə qeydiyyatdan keçmiş və rəsmi donor statusuna malik təşkilatlar vasitəsilə daxil ola bilər.

Məlumata görə, LLT-nin internet saytı 2022-ci il iyunun 20-də qeydiyyatdan keçib. Bundan 10 gün sonra Devid Lourens Benkman-Friddən 500 min dollar alıb. Daha iki ay sonra isə analitik mərkəz Ues Stritinqə ilk ianəsini - 30 min funt sterlinq məbləğində vəsait köçürüb.

Qeyd edək ki, Sem Benkman-Frid 2022-ci ildə FTX kriptovalyuta birjasının iflasından sonra ABŞ-da maliyyə fırıldaqları ilə bağlı ittihamlarla üzləşib və məhkəmə tərəfindən təqsirli bilinib.

Mənbə: report.az

Xəbər lenti