Yaponiya hökuməti bundan sonra da ölkənin üç nüvəsiz prinsipinə sadiq qalmaq niyyətindədir.
"Report" xəbər verir ki, bunu Baş nazir Sanae Takaiti Xirosima və Naqasakinin atom bombardmanlarından sağ çıxanlarla ("hibakuşa") görüşdə deyib.
"Biz üç nüvəsiz prinsipə sadiq qalmağa davam edəcəyik və nüvə silahından azad dünyanın qurulması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik", – deyə Takaiti bildirib.
"Hibakuşa" nümayəndələri isə Yaponiyanın mövcud nüvəsiz siyasətinə yenidən baxılması ilə bağlı çağırışlardan narahat olduqlarını bildirərək, bu cür təşəbbüsləri qəbuledilməz adlandırıblar.
Qeyd edək ki, Yaponiya uzun illərdir üç nüvəsiz prinsipə – nüvə silahına malik olmamaq, onu istehsal etməmək və ölkə ərazisinə yerləşdirməmək siyasətinə əməl edir. Bu prinsiplər qanunvericilikdə təsbit edilməsə də, indiyədək bütün hökumət başçıları tərəfindən dəstəklənib.
Bununla belə, Sanae Takaiti daha əvvəl bu prinsiplərin gələcəkdə də qorunub saxlanacağı ilə bağlı suallara birbaşa cavab verməkdən yayınmışdı. İyul ayında müdafiə naziri Sindziro Koizuminin nüvə silahı məsələsinin daha açıq müzakirə edilməsinə çağırışı isə "hibakuşa" nümayəndələri və nüvəsiz siyasətin tərəfdarları tərəfindən kəskin tənqid olunmuşdu.
Mənbə: report.az