ABŞ Konqresinin Senatı yaxın vaxtlarda Rusiya və İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinə sürətləndirilmiş qaydada baxılması ilə bağlı razılığa gələ bilər.
"Report" xəbər verir ki, bu barədə "Punchbowl News" məlumat yayıb.
Bildirilib ki, senatorlar idxal rüsumları ilə bağlı müddəalara dair kompromis xarakterli düzəlişi müzakirə edirlər.
Nəşrin məlumatına görə, təklif olunan dəyişikliklər demokratlar və respublikaçılar arasında mövcud fikir ayrılıqlarını aradan qaldıra və qanun layihəsinin sürətləndirilmiş qaydada müzakirəsinə yol aça bilər.
Qeyd edək ki, bundan əvvəl Senatda respublikaçı çoxluğun lideri Con Tun sənəd üzərində işin tarif siyasəti ilə bağlı fikir ayrılıqları səbəbindən çətinləşdiyini bildirmişdi.
Demokratlar isə ABŞ Prezidenti Donald Trampın idxal rüsumlarının tətbiqi sahəsində səlahiyyətlərinin həddindən artıq genişləndirilməsindən narahat olduqlarını bəyan ediblər.
Mənbə: report.az