Bu ilin yanvar-iyun aylarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsas etibarilə Səngəçal terminalı, eləcə də "Neft Daşları"ndakı qurğu vasitəsilə sutkada orta hesabla 11 milyon kubmetr səmt qazı ötürülüb.
"Report" "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, ümumilikdə hesabat müddəti ərzində SOCAR-a 2 milyard kubmetr səmt qazı təhvil verilib.
Bu ilin ilk altı ayında SOCAR-a verilən səmt qazının miqdarı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 milyard kubmetr, yəni 33,3 % çox olub.
Qeyd olunub ki, hasil olunan səmt qazının qalan hissəsi layda təzyiqi qorumaq məqsədilə yenidən kollektora vurulub.
Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsinə dair saziş (PSA) 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ təsis edilib.
2017-ci il sentyabrın 14-də isə həmin yataqların birgə istismarı və hasilatın pay bölgüsünə dair yenilənmiş saziş imzalanıb. Bu müqavilə yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də pay sahibləri bunlardır: BP (30,37 %), SOCAR (35,3 %), MOL (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %).
Mənbə: report.az