Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin əsas hədəfi Bakıda keçiriləcək Avropa çempionatında pley-off mərhələsinə adlamaqdır.
Bunu "Report"a açıqlamasında komandanın kapitanı Ayşən Abduləzimova deyib.
Voleybolçu azarkeşlərə də səslənib:
"Əsas məqsədimiz ölkəmizdə keçiriləcək Avropa çempionatında qələbələr qazanmaq və pley-offa yüksəlməkdir. İnanıram ki, meydanda öz oyunumuzu göstərib yaxşı nəticələr əldə edəcəyik. Komandama Avropa çempionatında uğurlar arzulayıram. Fürsətdən istifadə edərək azarkeşləri oyunlarımıza dəvət edirəm. Onların tribunadan dəstəyi bizim üçün çox vacibdir və əlavə motivasiya verəcək".
Milli üzvü turnirə hazırlıqla bağlı fikirlərini bölüşüb:
"Hazırlıq plan üzrə davam edir. Artıq iki yoxlama matçı keçirmişik və düşünürəm ki, bu qarşılaşmalar həm komanda olaraq turnirə hazırlaşmaq, həm də məşqlərdə üzərində işlədiyimiz məqamları meydanda tətbiq etmək baxımından faydalı oldu. Bu görüşlərdə səhvləri, çatışmazlıqları da müəyyən edə bildik".
A.Abduləzimova daha bir neçə yoldaşlıq görüşü keçirəcəklərini bildirib:
"Məşqlər Bakıda davam edir. Rəqibləri diqqətlə təhlil edirik, eyni zamanda komandadakı nöqsanları aradan qaldırmaq üçün çalışırıq. Qarşıdakı günlərdə Latviya və Belarus yığmaları ilə yoxlama oyunları olacaq. Bu sınaqlar da komanda üçün böyük əhəmiyyət daşıyır".
Qeyd edək ki, 2026-cı il Avropa çempionatının C qrupunun oyunları avqustun 21-28-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.
Mənbə: report.az