IMG-LOGO

BP: Səngəçal terminalının elektrikləşdirilməsi layihəsi istismar sınaqları mərhələsinə keçib

06 Aug 2026 12:31 4 baxış
IMG

Səngəçal terminalının elektrik enerjisi ilə təchiz edilməsi (STEL) layihəsi çərçivəsində işlərin iki mərhələdə yekunlaşdırılması planlaşdırılır - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələ isə 2028-ci ilin sonunadək tamamlanacaq.

Bu barədə "Report" "BP-Azerbaijan" şirkətinin tərəfdaşları adından bu ilin birinci yarımilinin yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Hesabata əsasən, bu ilin ilk altı ayında STEL layihəsi üzrə işlər müvəffəqiyyətlə davam etdirilib və layihə əsas inşaat mərhələsindən istismar sınaqları və işəsalınmaya hazırlıq fazasına keçid edib.

Birinci mərhələ üçün zəruri olan əsas avadanlıqların əraziyə daşınması artıq yekunlaşıb və hazırda quraşdırma işləri plana uyğun şəkildə aparılır. 2026-cı ilin üçüncü rübündə nəzərdə tutulan dövlət elektrik şəbəkəsinə ilkin qoşulmanı təmin etmək üçün ətraflı istismar sınaqlarının planlaşdırılması və icra edilməsi prosesi davam etdirilir. Bundan əvvəl layihənin istismar sınaqları və işəsalınma mərhələlərinə keçidə hazır olduğunu təsdiqləyən əsaslı əminlik yoxlamaları uğurla başa çatdırılıb.

Terminal ərazisindən kənarda yerləşən yeni "AzərEnerji" obyektlərinin tikintisi və sınaq işləri böyük ölçüdə tamamlanıb. Dövlət elektrik şəbəkəsi infrastrukturu ilə Səngəçal terminalındakı qurğuların inteqrasiya olunmuş istismar sınaqlarının mərhələli işəsalınma proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

230 milyon ABŞ dolları dəyərindəki STEL layihəsi terminalın "AzərEnerji" ASC tərəfindən idarə olunan dövlət elektrik şəbəkəsinə inteqrasiyasını təmin edəcək. Bu məqsədlə terminal sahəsinin həm daxilində, həm də xaricində yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası tikilir.

Qeyd olunub ki, STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt AC gücünə malik günəş elektrik stansiyasının qurulmasını əhatə edən "Şəfəq" günəş layihəsi ilə "virtual enerji ötürmə mexanizmi" adlanan yeni kommersiya modeli vasitəsilə birbaşa bağlıdır. Bu mexanizm çərçivəsində "Şəfəq" stansiyası elektrik enerjisi hasil edərək onu Cəbrayıl rayonunda "AzərEnerji"yə təhvil verəcək, "AzərEnerji" isə öz növbəsində eyni miqdarda elektrik enerjisini Səngəçal terminalına ötürəcək. Mövcud proqnozlara və planlara uyğun olaraq, "Şəfəq" və STEL layihələri birgə şəkildə Səngəçal terminalının gələcək istismar müddətində terminal əməliyyatlarından qaynaqlanan emissiyaların təqribən 50 % azalmasını mümkün edəcək.

Hazırda terminal öz enerji tələbatını ödəmək üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirmə prosesi başa çatdıqdan sonra turbinlər mərhələli qaydada sökülərək çıxarılacaq və bu da istifadə olunmayan yanacaq qazı həcmlərinin ixrac istiqamətinə yönləndirilməsinə şərait yaradacaq.

Mənbə: report.az

Xəbər lenti