IMG-LOGO

Bred Pittdən Coliyə qarşı daha bir addım: şəxsi həyatına müdaxilə etdi: məhkəmədə səs-küylü qalmaqal

07 Aug 2026 19:46 3 baxış
IMG
7 0

Hollivud ulduzları Bred Pitt və Ancelina Coli arasında illərdir davam edən məhkəmə çəkişməsi yeni mərhələyə qədəm qoyub.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, aktyor keçmiş həyat yoldaşından ayrılıqdan sonrakı illərdə əldə etdiyi gəlirlər və qonorarlarla bağlı maliyyə sənədlərini təqdim etməsini tələb edir. 

Mübahisənin növbəti mərhələsi Fransadakı Çateau Miraval şərabçılıq təsərrüfatı ilə bağlı məhkəmə işi çərçivəsində yaranıb. Pittin hüquqşünasları məhkəməyə yeni vəsatət təqdim edərək Colinin 2017–2019-cu illərə aid maliyyə sənədlərinin açıqlanmasını istəyiblər. Aktyorun tərəfi hesab edir ki, həmin məlumatlar işin araşdırılması üçün mühüm əhəmiyyət daşıyır.

Bred Pittin vəkilləri bildiriblər ki, Ancelina Coli boşanmadan sonra keçmiş həyat yoldaşından maliyyə baxımından asılı olmamağa çalışdığını və bu səbəbdən müəyyən gəlir imkanlarını itirdiyini iddia edib. Onların fikrincə, məhz buna görə də həmin dövrdə əldə olunan gəlirlərin araşdırılması vacibdir.

"Əgər Ancelina Coli maliyyə təzyiqinə məruz qaldığını və iqtisadi müstəqillik uğrunda mübarizə apardığını bildirirsə, o zaman 2017–2019-cu illərə aid gəlirləri bu iş üçün mühüm əhəmiyyət kəsb edir", – Pittin hüquqşünasları qeyd ediblər.

Ancaq aktrisanın hüquq müdafiəçiləri bu tələblə razılaşmayıblar. Onlar bildiriblər ki, Coli artıq 2020 və 2021-ci illərə aid maliyyə sənədlərini təqdim edib. Vəkillərin sözlərinə görə, əvvəlki illərə aid vergi bəyannamələrinin tələb olunması üçün hüquqi əsas yoxdur və bu, aktrisanın şəxsi həyatın toxunulmazlığı hüququnu pozur.

Keçmiş cütlük arasında məhkəmə çəkişməsi artıq uzun illərdir davam edir və Hollivudun ən səs-küylü hüquqi mübahisələrindən biri hesab olunur. Tərəflər hələ də əmlak məsələlərində ortaq mövqeyə gələ bilməyiblər. İş üzrə yekun məhkəmə baxışının 2027-ci ilin avqustunda keçirilməsi planlaşdırılır.

Bred Pitt Ancelina Coli məhkəmə sənəd boşanma ərizə əmlak

Mənbə: lent.az

Xəbər lenti