IMG-LOGO

Vaşinqton görüşü Cənubi Qafqazda yeni regional reallığın əsasını qoyub - Amerikalı politoloq

08 Aug 2026 18:01 4 baxış
IMG
0 0

Vaşinqton görüşü ABŞ-nin Cənubi Qafqaz siyasətində mühüm mərhələ olmaqla yanaşı, Vaşinqtonun regiondakı rolunu vasitəçilikdən gələcək regional arxitekturanın formalaşmasında əsas aktorlardan biri səviyyəsinə yüksəldib.

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında amerikalı akademik və geosiyasi analitik, professor Devid Felsen bildirib.

Onun sözlərinə görə, Vaşinqton görüşünün daha geniş geosiyasi əhəmiyyəti sülh danışıqlarının iqtisadi inkişaf, regional bağlantılar, eləcə də ABŞ-nin strateji, diplomatik və enerji maraqları ilə əlaqələndirilməsindən ibarətdir.

“Vaşinqton görüşünü ABŞ-nin Cənubi Qafqaz siyasəti baxımından mühüm mərhələ kimi qiymətləndirmək olar. Bu görüş ABŞ-nin regiondakı rolunu mühüm vasitəçi statusundan Cənubi Qafqazın gələcəyinin formalaşmasında əsas aktorlardan biri səviyyəsinə yüksəltdi. Görüşün daha geniş əhəmiyyəti sülh danışıqlarını, iqtisadi inkişafı, eləcə də ABŞ-nin strateji, diplomatik və enerji maraqlarını vahid çərçivədə birləşdirməsindən ibarətdir”, - professor qeyd edib.

Devid Felsen hesab edir ki, Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycan-Ermənistan sülh prosesinə mühüm siyasi impuls verib və tərəfləri hərtərəfli sülhün əldə olunmasına daha da yaxınlaşdırıb.

Ekspert vurğulayıb ki, Azərbaycan və Ermənistan liderlərinin bir araya gətirilməsində, eləcə də razılaşmaların icrası üçün siyasi çərçivənin yaradılmasında ABŞ diplomatiyası mühüm rol oynayıb. Bununla belə, prosesin yekun nəticəsi Bakı və İrəvanın üzərlərinə götürdükləri öhdəliklərə davamlı şəkildə sadiq qalmasından asılı olacaq.

Amerikalı professor Vaşinqton razılaşmalarının ABŞ-Azərbaycan münasibətlərində də yeni mərhələnin başlanğıcını qoyduğu qənaətindədir.

Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər artıq ənənəvi enerji əməkdaşlığı çərçivəsindən kənara çıxaraq regional bağlantılar, texnologiya, investisiya, təhlükəsizlik və iqtisadi inkişaf kimi sahələri də əhatə etməyə başlayıb.

“Orta Dəhliz və Xəzər üzərindən bağlantıların genişləndirilməsi xüsusilə böyük uzunmüddətli potensiala malikdir. Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib. Azərbaycanın coğrafi mövqeyi ölkəni enerji mənbələrinin şaxələndirilməsi, Xəzər bağlantıları və Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat baxımından mühüm aktora çevirir. Xüsusilə Orta Dəhliz Azərbaycanın əhəmiyyətini onun ənənəvi enerji təchizatçısı rolundan xeyli kənara çıxarır”, - Felsen bildirib.

Professorun fikrincə, Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin əldə olunması ABŞ-nin Cənubi Qafqazdakı uzunmüddətli strateji maraqları baxımından da mühüm əhəmiyyət daşıyır.

Belə bir razılaşma yeni hərbi qarşıdurma riskini azalda, ABŞ-nin ticarət, investisiya və regional tərəfdaşlıqları üçün daha proqnozlaşdırıla bilən mühit yarada bilər. Eyni zamanda, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Cənubi Qafqazda suverenliyin və sabitliyin möhkəmlənməsinə imkan verər.

Devid Felsen Vaşinqton razılaşmalarının bütövlükdə regiondakı geosiyasi qüvvələr balansına təsir göstərə biləcəyini də istisna etməyib.

Onun fikrincə, proses Rusiyanın Cənubi Qafqazdakı ənənəvi təsir imkanlarını azalda və Qərbin regionda iqtisadi iştirakını genişləndirə bilər. Türkiyə və Avropa İttifaqı daha güclü nəqliyyat və enerji bağlantılarından faydalana, İran isə regional tranzit marşrutları ilə bağlı artan rəqabətlə üzləşə bilər.

Professor əlavə edib ki, Çin də genişlənməkdə olan Orta Dəhlizə qarşı çıxmaqdan daha çox, bu nəqliyyat marşrutunun yaratdığı iqtisadi imkanlarda iştirak etməyə çalışacaq.

Amerikalı analitik Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı mərhələyə çatmasında oynadığı rolu da xüsusi qeyd edib.

“Prezident İlham Əliyev prosesin hazırkı mərhələyə çatdırılmasında həlledici rol oynayıb. Onun danışıqlarda iştirak etməyə hazır olması və regional bağlantılar üzrə yeni çərçivənin formalaşdırılmasını dəstəkləməsi hazırkı sülh imkanının yaranması baxımından mühüm əhəmiyyət daşıyıb. Buna görə də onun liderliyi regionda yeni reallığın formalaşmasına əhəmiyyətli töhfə verib”, - professor vurğulayıb.

Felsen hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına yönəlmiş Vaşinqton prosesi ABŞ Prezidenti Donald Trampın Avrasiyada əsas xarici siyasət nailiyyətlərindən birinə çevrilə bilər.

“Azərbaycan və Ermənistan rəhbərliyinin bir araya gətirilməsi və sülh prosesinin regional iqtisadi inteqrasiya ilə əlaqələndirilməsi mühüm diplomatik nailiyyətdir. Lakin bunun tarixi əhəmiyyəti son nəticədə əldə olunan razılaşmaların davamlı sülhə gətirib çıxarıb-çıxarmamasından asılı olacaq”, - o bildirib.

Professorun fikrincə, bundan sonrakı mərhələdə ABŞ üçün əsas prioritet Azərbaycan-Ermənistan sülh prosesinin uğurla yekunlaşdırılması və əldə edilmiş razılaşmaların tam icrasının təmin olunması olmalıdır.

Vaşinqton yekun sülh sazişini, sərhəddə sabitliyin təmin edilməsini, nəqliyyat layihələrinin həyata keçirilməsini və mümkün mübahisələrin həlli mexanizmlərinin yaradılmasını dəstəkləməlidir.

Ekspert qeyd edib ki, ABŞ eyni zamanda Azərbaycan və Ermənistanla enerji, texnologiya, investisiya və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirməli, sülhün hər iki ölkə üçün konkret iqtisadi dividendlər yaratmasını təşviq etməlidir.

“ABŞ Türkiyə, Avropa İttifaqı və Mərkəzi Asiyadakı tərəfdaşları ilə birlikdə Cənubi Qafqazın sabit və rifahlı regional dəhlizə çevrilməsi istiqamətində çalışmalıdır”, - Devid Felsen yekunlaşdırıb.

siyasət siyasi xəbərlər

Mənbə: lent.az

Xəbər lenti