Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") və "Viasat Inc." arasında uçuş zamanı internet xidmətlərin (IFC – In-Flight Connectivity) göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
"Report" xəbər verir ki, bu barədə "Azərkosmos" məlumat yayıb.
Bildirilir ki, müqaviləyə əsasən "Viasat" və "Azərkosmos" Azərbaycan ərazisində fəaliyyət göstərən aviaşirkətlərə müasir, yüksək sürətli və etibarlı uçuşdaxili internet xidmətlərini təqdim edərək müştəri və tərəfdaşlara daha effektiv xidmət göstərəcək.
Bu razılaşma rəqəmsal xidmətlərin genişlənməsinə, hava nəqliyyatında rabitə imkanlarının gücləndirilməsinə və sərnişin təcrübəsinin daha da inkişaf etdirilməsinə töhfə verəcək.
Həmçinin tərəfdaşlar arasında Daşkənddə keçirilən Kosmik Texnologiyalar Konfransı ("STC 2026") çərçivəsində işgüzar görüş keçirilib, müqavilənin təfərrüatları və gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.

