Restoranlarda bir çox insanın etdiyi sadə bir vərdiş sağlamlıq üçün ciddi risk yarada bilər. Mütəxəssislər bildirir ki, hazır yeməklərə əlavə duz qatmaq arterial təzyiqi artırır və infarkt, insult riskini yüksəldir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, kardioloqların sözlərinə görə, restoran yeməkləri onsuz da yüksək miqdarda duz və kalori ehtiva edir. Üstünə əlavə olaraq duz səpmək isə orqanizmdə natriumun həddindən artıq artmasına səbəb olur.
Statistikaya əsasən, ABŞ-da insanlar həftədə orta hesabla 5-6 dəfə evdən kənarda qidalanır. Mütəxəssislər qeyd edir ki, restoran yeməkləri evdə hazırlanan yeməklərlə müqayisədə daha duzlu və kalorili olur.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, evdən kənarda yeyilən hər yemək gündəlik rasiona təxminən 134 əlavə kalori gətirir. Bundan əlavə, həftədə bir dəfə əlavə restoran ziyarəti ildə təxminən 2 kiloqram çəki artımına səbəb ola bilər.
Kardioloq Stiven Borer bildirir ki, artıq duz qəbulu birbaşa arterial təzyiqə təsir edir. Yüksək təzyiq isə ürəyin işemik xəstəlikləri, infarkt, insult və ürək çatışmazlığı riskini artırır.
Digər kardioloq Karishma Patva isə əlavə edir ki, natriumla zəngin qidalanma damar divarlarına zərər verə və iltihabi prosesləri gücləndirə bilər. Onun sözlərinə görə, duz normasının mütəmadi aşılması ürək-damar xəstəlikləri riskini ciddi şəkildə artırır.
Araşdırmalar göstərir ki, restoran yeməklərində ev yeməklərinə nisbətən təxminən 412 milliqram daha çox natrium olur. Bu isə Amerika Ürək Assosiasiyasının tövsiyə etdiyi gündəlik maksimum 2300 milliqram natrium normasına riayət etməyi çətinləşdirir.
Həkimlər vurğulayır ki, duz qəbulunun azaldılması arterial təzyiqi qısa müddətdə yaxşılaşdıra bilər. Bəzi hallarda müsbət dəyişikliklər bir neçə gün ərzində hiss olunur.
Mütəxəssislərin tövsiyələri
Restoranlarda daha az qidalanmağa çalışın, hazır yeməklərə əlavə duz qatmayın, dad vermək üçün otlar və ədviyyələrdən istifadə edin
Qeyd olunur ki, ədviyyələr yalnız dadı yaxşılaşdırmır, həm də antioksidantlarla zəngin olduğu üçün ürək sağlamlığına müsbət təsir göstərir.
restoran sağlıq