Son günlər qızılın qiyməti kəskin dəyişir. Bir gün enən qızıl, səhəri gün həddindən çox bahalaşır. Məsələ isə təkcə qiymətlə yekunlaşmır. Məzənnənin dəyişməsi saxta qızılların satılmasına, fırıldaq və aldadılma hallarının artmasına da səbəb olur.
Bəs görəsən, yaxın günlərdə qızılın qiymətinin dinamikası necə olacaq? Fırıldaqla üzləşməmək üçün nələrə diqqət etmək lazımdır?
“Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov Lent.az-ın suallarını cavablandırıb.
- Növbəti günlərdə qızılın qiyməti daha da enə bilər?
- Yaxın günlərdə qızılın qiymətinin artacağını və ya enəcəyini qəti şəkildə proqnozlaşdırmaq çətindir. Çünki bu bazar beynəlxalq iqtisadi və siyasi siqnallara olduqca həssas reaksiya verir. Qeyri-müəyyənliyin davam etdiyi dövrlərdə qızıla tələbin artması qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Əksinə, bazarlarda nisbi sabitlik və sərt faiz siyasəti fonunda müəyyən enmələr də istisna edilmir.
Qızıl məmulatlarının əldə edilməsi zamanı vətəndaşlara alış qərarını tələsik verməmələri, bazarda formalaşan qiymət dinamikasını diqqətlə izləmələri və yalnız etibarlı, fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun təşkil edilmiş satış subyektlərinə üstünlük vermələri tövsiyə olunur. Xüsusilə zinət əşyaları alınarkən məmulatın əyar göstəricisinin, dövlət əyar damğasının, qiymətli daşlar olduqda onlara dair sertifikatların və təqdim olunan müşayiətedici sənədlərin diqqətlə yoxlanılması zəruridir.
- Qızıl bazarında fırıldaqçılıq halları artıb? Bununla bağlı şikayətlər var?
- Belə hallara, ümumilikdə, bir çox ölkələrdə, xüsusilə zərgərlik sənayesinin geniş inkişaf etdiyi bazarlarda təsadüf olunur. Azərbaycan Zərgərlər Assosiasiyasına da bununla bağlı zaman-zaman müraciətlər daxil olur. Xüsusilə qiymət artımı fonunda bəzi istehlakçılara əyar göstəricisi düzgün olmayan və ya keyfiyyəti şübhə doğuran məhsullar təqdim oluna bilir. Bununla yanaşı, bazarda fəaliyyət göstərən sahibkarların böyük əksəriyyəti məsuliyyətli yanaşma nümayiş etdirir, öz nüfuzunu və markasını qorumağa çalışır, müştəri məmnuniyyətini və keyfiyyət meyarlarını əsas prioritet hesab edir. Assosiasiya olaraq bu kimi hallarla bağlı müraciətlər daxil olduqda vətəndaşların maarifləndirilməsi həyata keçirilir, eyni zamanda onlar məsələnin araşdırılması və zəruri hallarda müvafiq ekspertiza aparılması üçün aidiyyəti ixtisaslaşmış qurumlara yönləndirilirlər.
- Bəs qiymət artımı bu prosesə necə təsir göstərib?
- Qiymətlərin əhəmiyyətli dərəcədə artması fonunda bəzi hallarda sui-istifadə risklərinin yüksəlməsi müşahidə olunur. Daha çox gəlir əldə etmək məqsədilə istehlakçıların yanıltılmasına yönələn üsullardan istifadə edilməsi ehtimalı artır. Bu isə öz növbəsində, alıcılardan seçim zamanı daha diqqətli davranmağı, eləcə də təqdim olunan məmulatların keyfiyyət göstəricilərinin və uyğunluq meyarlarının daha ciddi şəkildə yoxlanılmasını tələb edir.
- Alıcılar əsasən hansı çətinliklərlə üzləşirlər?
- Alıcılar üçün əsas çətinliklərdən biri əldə olunan məmulatın faktiki tərkibinin, qiymətli daşların saflıq göstəricilərinin və qiymətli metal üzrə qeyd olunan əyarın həqiqi göstəricilərə uyğunluğunun dəqiq müəyyən edilməsidir. Məmulatın zahiri əlamətləri, o cümlədən xarici görünüşü, parlaqlığı və çəkisi onun keyfiyyəti və həqiqi tərkibi barədə hər zaman obyektiv təsəvvür yaratmır. Bu baxımdan, qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının dövriyyəsi müvafiq qanunvericilik normaları ilə tənzimlənir. Belə ki, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında istehsal olunmuş, habelə ölkə ərazisində satışa çıxarılan belə məmulatlar, xarici dövlət əyar damğasının tanındığı hallar istisna olmaqla, Azərbaycan Respublikasının dövlət əyar damğası ilə damğalanmalıdır. Bununla yanaşı, qiymətli daşların ekspertizasının və diaqnostikasının keçirilməsi ilə bağlı məsələlər həmin Qanunun 11.2.4-cü maddəsində nəzərdə tutulmuş, bu sahədə tətbiq edilən prosedurlar isə aidiyyəti qaydalarla müəyyən edilmişdir.
- Qızılın üzərində əyar damğasının əhəmiyyəti nədən ibarətdir?
-Zinət əşyası alınarkən alıcı ilk növbədə məmulatın üzərində dövlət əyar damğasının olub-olmamasına diqqət yetirməlidir. Dövlət əyar damğası həmin məhsulun qanunvericiliklə müəyyən olunmuş qaydada yoxlanıldığını və üzərində göstərilən əyar göstəricisinin təsdiqləndiyini göstərən mühüm identifikasiya əlamətidir. Eyni zamanda, üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş zərgərlik və digər məişət məmulatlarının satışı ilə bağlı məsuliyyət də qanunvericilikdə ayrıca nəzərdə tutulur. Qiymətli daşlar təqdim olunduqda isə onların xüsusiyyətlərini, mənşəyini və keyfiyyət göstəricilərini təsdiq edən sertifikatın və ya ekspertiza sənədinin tələb olunması vacibdir.
- Qızıl almaq istəyən şəxslərə, istər zinət əşyası kimi, istərsə də sərmayə formasında saxlayanlara hansı tövsiyələriniz var?
- Vətəndaşlara tövsiyə olunur ki, qızıl və digər zərgərlik məmulatlarının alınması zamanı yalnız məhsulun zahiri görünüşünə əsaslanmasınlar. Alınması nəzərdə tutulan məmulatın üzərində dövlət əyar damğasının mövcudluğu, qiymətli daşlar olduqda müvafiq sertifikatın və ya ekspertiza sənədinin təqdim edilməsi, habelə satış sənədlərinin və satış yerinin etibarlılığının yoxlanılması vacib şərtlərdəndir. Hər hansı şübhə və ya uyğunsuzluq halı yarandıqda məhsulun müvafiq laboratoriyada və ya səlahiyyətli ekspertiza qurumunda yoxlanılması məqsədəuyğun hesab olunur. Bu yanaşma istehlakçı hüquqlarının qorunmasına, bazarda şəffaflığın təmin edilməsinə və etibarlı ticarət mühitinin formalaşmasına xidmət edir.
qızıl qızılın qiyməti Azərbaycanda qızıl bazarı Azərbaycan Zərgərlər Assosiasiyası

