IMG-LOGO

Kallas: ABŞ və İran arasında atəşkəs kövrəkdir, Hörmüzün açılması prioritetdir

09 Apr 2026 16:50 5 baxış
IMG

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin müavini və xarici işlər naziri şeyx Abdulla bin Zayed Əl Nəhyanla Yaxın Şərqdəki gərginliyin artmasını və onun regional nəticələrini, o cümlədən Livan və İraq üçün nəticələrini müzakirə edib.

"Report" xəbər evrir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb.

"ABŞ və İran arasında atəşkəs kövrək olaraq qalır, lakin alternativ tutqun görünür. Hörmüz boğazının tezliklə açılması prioritet olmalıdır", - o qeyd edib.

Bundan əlavə, tərəflər ikitərəfli əməkdaşlığı, həmçinin Avropa İttifaqı ilə BƏƏ arasında tərəfdaşlığın gücləndirilməsi perspektivlərini, o cümlədən təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endiriblər. Həmin gün zərbələr nəticəsində İranın ali lideri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib. Vəziyyətlə əlaqədar regionun bir sıra dövlətləri öz hava məkanını müvəqqəti olaraq bağlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran öz tərəfindən bəyan edib ki, bu müddət ərzində İranın silahlı qüvvələri ilə koordinasiya və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.

Xəbər lenti