Sudanın Şimali Darfur ştatında toy mərasiminin keçirildiyi əraziyə pilotsuz uçuş aparatı (PUA) ilə endirilən zərbə nəticəsində "Çevik Reaksiya Qüvvələri" hərəkatının döyüşçüləri də daxil olmaqla, 40-dan çox insan ölüb.
"Report" xəbər verir ki, bu barədə "Sudan Tribune" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə təxminən üç ildir "Çevik Reaksiya Qüvvələri"nin nəzarəti altında olan və müntəzəm olaraq PUA-larla hücumlarına məruz qalan Kutum şəhərində baş verib.
Yerli mənbələr bildirib ki, zərbə nəticəsində azı 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Bundan əlavə, onlarla ev dağıdılıb.
"Çevik Reaksiya Qüvvələri" hərəkatı hücuma görə məsuliyyəti Sudan ordusunun üzərinə atıb.