IMG-LOGO

BMT rəsmisi: "Azərbaycanla əməkdaşlıq daha strateji və prioritet yönümlü olacaq"

10 Apr 2026 10:47 3 baxış
IMG

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökuməti arasında imzalanmış yeni əməkdaşlıq çərçivəsi ilə ölkənin milli prioritetlərinə uyğun olaraq strateji tərəfdaşlığın yeni mərhələsi başlayır.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi bu gün Bakıda keçirilən BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında bildirib.

O qeyd edib ki, yeni sənəd Azərbaycanın orta-yuxarı gəlirli ölkə statusu, dəyişən ehtiyacları nəzərə alınaraq hazırlanıb: "Yeni əməkdaşlıq çərçivəsi hökumət və BMT tərəfdaşlığında yeni bir mərhələni qeyd edir. O, 33 illik güclü tərəfdaşlığa əsaslanır və növbəti beş il ərzində daha çox prioritetləşdirilmiş, strateji hədəflərə yönəlmiş fəaliyyəti nəzərdə tutur".

Rezident koordinatoru ofisinin rəhbəri proqramın maliyyə tərəflərinə toxunaraq, qarşıya qoyulan məqsədlər üçün tələb olunan büdcəni açıqlayıb: "Öhdəlik götürdüyümüz nəticələri əldə etmək üçün 5 illik dövr ərzində cəmi 87 milyon ABŞ dolları tələb olunacağını gözləyirik. Bunun təxminən 52 milyon dollarını artıq birgə səfərbər etmişik, qalan 35 milyon dollarlıq kəsirin aradan qaldırılması üçün hökumət tərəfdaşları ilə işləyəcəyik".

O vurğulayıb ki, fəaliyyət planı iki əsas strateji sahəni əhatə edir və "Azərbaycan 2030" milli prioritetləri ilə tam üst-üstə düşür: "Birinci prioritet sahə inklüziv sosial-iqtisadi artıma, ikinci sahə isə yaşıl artım və iqlimə davamlılığa yönəlib. Biz Azərbaycanın daha yaşıl və davamlı inkişaf yoluna keçidini, həmçinin iqlim və ətraf mühit risklərinə qarşı sistemlərin gücləndirilməsini dəstəkləyəcəyik."

K. Mabuçi BMT-nin ölkədəki fəaliyyətinin daha çevik və inteqrasiya olunmuş formata keçdiyini diqqətə çatdırıb: "İndi bizim ölkədə daha çevik heyətimiz var və 12 imzaçı qurumun koordinasiyalı fəaliyyəti təmin edilir. Biz Azərbaycanın çoxtərəflilik və iqlim diplomatiyası sahəsindəki çempionluq rolunu, xüsusən də regional sülh və əməkdaşlıq imkanlarını dəstəkləməyə davam edəcəyik".

Xəbər lenti