IMG-LOGO

Almaniyada 200 kvadratmetrlik evi pulsuz verirlər, amma...

05 May 2026 19:46 3 baxış
IMG
1 0

Almaniyada maraqlı və qeyri-adi elan diqqət çəkib. Münhen yaxınlığında yerləşən 200 kvadratmetrlik ev pulsuz olaraq yeni sahibinə verilir. Lakin bu təklif müəyyən ciddi şərtlərlə müşayiət olunur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, pulsuz verilən yalnız evin özüdür, onun yerləşdiyi torpaq sahəsi bu təklifə daxil deyil. Yeni sahibi evi sökərək başqa torpaq sahəsinə köçürməli və eyni formada yenidən tikməlidir.

Bu tələbin səbəbi isə binanın tarixi abidə statusuna malik olmasıdır. Mövcud qanunvericiliyə görə, belə tikililərin nə sökülməsinə, nə də elementlərinin saxlanılaraq dəyişdirilməsinə icazə verilir. Buna görə də ev yalnız tam şəkildə köçürülərək qorunmalıdır. Köçürmə prosesi tamamlandıqdan sonra müvafiq qurumlar tərəfindən yenidən yoxlama aparılacaq.

Ekspertlərin hesablamalarına görə, evin sökülməsi və daşınması təxminən 50 min avroya başa gəlir. Daşınmaz əmlak agenti Oliver Herbst bildirir ki, ev tamamilə ağacdan tikilib. Buna görə də əlavə olaraq yeni ərazidə fundamentin qurulması və kommunikasiya xətlərinin çəkilməsi üçün 100-150 min avro əlavə xərc tələb olunur.

Buna baxmayaraq, bu variant yenə də sərfəli hesab olunur. Çünki Münhen ətrafında evlərin orta qiyməti hər kvadratmetr üçün təxminən 12 min avrodur. Bu isə 200 kvadratmetrlik evin bazar dəyərinin təxminən 2,4 milyon avro olması deməkdir.

Satışın səbəbi

Evin tarixi 1928-ci ilə gedib çıxır və o, məşhur memarın layihəsi əsasında inşa edilib. Hazırkı sahibləri, iki bacı evi miras olaraq əldə ediblər, lakin yüksək vergilər səbəbindən onu saxlamaq istəmirlər. Tarixi abidə statusu isə binada dəyişiklik etməyə imkan vermədiyindən, onu adi qaydada satmaq mümkün olmayıb.

Bu səbəbdən onlar evi bağışlamaq qərarına gəliblər ki, həm tikili qorunsun, həm də torpaq sahəsi özlərində qalsın.

Şərtlərin mürəkkəb olmasına baxmayaraq, artıq təxminən 30 potensial alıcı bu təkliflə maraqlanıb. Onlardan ikisi qısa siyahıya daxil edilib və evi tədbir zalına çevirməyi planlaşdırır.

Qeyd edək ki, Avropada bu cür qeyri-adi daşınmaz əmlak elanları nadir deyil. Məsələn, Palacete do Jardim adlı tarixi saray Portugalda satışa çıxarılıb və onun qiyməti 1,35 milyon avro olaraq qiymətləndirilir.

Almaniya ev

Xəbər lenti