ABŞ-də ərzaq yardımı alanlar arasında 186 min ölü insan var.
"Report"un məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu barədə Ayova ştatının De-Moyne şəhərində çıxışında bildirib.
"186 000 ölmüş insan SNAP müavinətləri alır, 186 000 ölü amerikalı isə ərzaq talonu alır", - o deyib.
Vens həmçinin onun açıqlamasına medianın mümkün reaksiyasına istehzalı şəkildə münasibət bildirib.
"Hesab edirəm, ölmüş insanlara görə ərzaq talonlarını ləğv etməliyik və mən buna görə günahkaram", - vitse-prezident zarafat edib.
Bundan əlavə, o, bəzi SNAP alanlar arasında "Lamborghini" avtomobillərinin sahiblərinin də olduğunu iddia edib.
"Güman edirəm, Amerika əhalisinin 95 %-i razılaşar ki, əgər "Lamborghini" almaq üçün kifayət qədər varlısınızsa, Amerika vətəndaşlarından SNAP müavinətləri almayacaqsınız", - Vens əlavə edib.