IMG-LOGO

Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?

21 May 2026 17:42 6 baxış
IMG
19 0

Dünya fabriklərində istehsal olunan məhsullar, Avropanın qaz ehtiyatları, Asiyanın elektronika bazarı, Yaxın Şərqin nefti və Afrikanın ərzaq idxalı, hamısı bir neçə boğazdan asılı vəziyyətdədir. Bu boğazlar xəritədə kiçik görünə bilər, lakin qlobal iqtisadiyyat üçün onların əhəmiyyəti bəzən böyük vacib sayılır. Beynəlxalq təhlükəsizlik ekspertləri bu nöqtələri qlobal boğulma nöqtələri adlandırır. Çünki burada yaranacaq ən kiçik böhran belə milyonlarla insanın gündəlik həyatına təsir edə bilər. Araşdırmalar göstərir ki, dünya ticarətinin təxminən 80 faizi dəniz yolu ilə həyata keçirilir və bu daşımaların böyük hissəsi məhz bir neçə dar keçiddən keçir.

Bəs görəsən, dünyadakı ticari proseslərdə böyük rol oynayan beş ən yaxşı boğazlar hansılardır? Onlar bağlanarsa, nə baş verər?

Lent.az-ın mövzu ətrafında apardığı araşdırmalara görə, bu boğazlardan ilki Hörmüz boğazıdır.

Dünyanın enerji təhlükəsizliyi bu boğazın açıq qalmasına bağlıdır. Fars körfəzindən çıxan neft tankerləri buradan keçərək dünya bazarlarına çatır. Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin enerji ixracı böyük ölçüdə bu keçiddən asılıdır. Beynəlxalq enerji agentliklərinin hesabatlarına görə, dünyada istehlak olunan neftin təxminən beşdə biri Hörmüzdən keçir.

Əgər Hörmüz bağlanarsa, dünya neftinin təxminən 20%-i dayanar, benzin və qaz qiymətləri kəskin artar, Körfəz ölkələrinin iqtisadiyyatı ağır zərbə alar, ABŞ, İran və region dövlətləri arasında hərbi risk yüksələr, həmçinin qlobal inflyasiya sürətlənər.

Digər kritik nöqtə isə Malakka boğazı hesab olunur.

Dünya iqtisadiyyatının istehsal mərkəzi sayılan Asiya üçün bu keçid həyati əhəmiyyət daşıyır. Çin zavodları üçün lazım olan enerji resursları, yarımkeçiricilər, sənaye komponentləri və konteyner yükləri əsasən bu marşrutla daşınır. Hər il on minlərlə gəmi Malakkadan keçərək Sinqapur limanı istiqamətində hərəkət edir.

Beynəlxalq təhlükəsizlik mərkəzlərinin hesabatlarında qeyd olunur ki, Malakka boğazı həm də geosiyasi rəqabət baxımından riskli bölgələrdən biridir.

Əgər Malakka boğazı bağlansa, Çin iqtisadiyyatı ciddi enerji böhranı yaşayar, elektronika və texnologiya məhsullarında çatışmazlıq yaranardı, həmçinin qlobal logistika sistemi iflic ola bilərdi. Bundan əlavə gəmilər daha uzun və bahalı alternativ marşrutlardan istifadə etmək məcburiyyətində qalardı.

Qlobal ticarət üçün ən təhlükəli bölgələrdən biri Bab əl-Məndəb boğazı sayılır.

Bu keçid Qırmızı dəniz ilə Ədən körfəzini birləşdirir və Avropa-Asiya ticarətinin əsas damarlarından biri olan Süveyş kanalı marşrutunun ayrılmaz hissəsidir. Bölgədəki silahlı qrupların hücumları səbəbindən son illərdə bir çox yük gəmisi marşrutunu dəyişməyə məcbur olub.

Bu dəyişiklik ilk baxışda sadə görünə bilər. Lakin gəminin Afrikanın cənubundan Ümid burnu istiqamətindən hərəkət etməsi əlavə minlərlə kilometr məsafə deməkdir. Bu isə yanacaq xərclərinin, sığorta haqlarının və çatdırılma müddətinin artmasına səbəb olur. Nəticədə mağazalarda satılan məhsulların qiyməti yüksəlir. Beynəlxalq logistika şirkətləri bildirirlər ki, Qırmızı dənizdəki böhran artıq konteyner bazarında yeni qiymət artımları yaradıb.

Bab əl-Məndəb boğazı bağlansa, Avropa-Asiya ticarəti yavaşlayar, Süveyş kanalı faktiki olaraq təsirsiz hala düşər, neft və konteyner daşımaları gecikər. Bu halda gəmilər Afrika ətrafından keçmək məcburiyyətində qalardı.

Qara dəniz regionunda yerləşən Bosfor boğazı isə həm iqtisadi, həm də siyasi baxımdan son dərəcə həssas nöqtədir.

Bosfor vasitəsilə Qara dəniz ölkələri Aralıq dənizinə çıxış əldə edir. Xüsusilə Rusiya və Ukrayna üçün taxıl ixracında bu marşrut həyati rol oynayır. Son illərdə Ukrayna müharibəsi zamanı taxıl daşımaları ilə bağlı yaşanan böhran göstərdi ki, Bosforda yaranacaq ciddi problem dünya ərzaq təhlükəsizliyinə birbaşa təsir edə bilər.

Bosfor boğazı bağlansa, Rusiya və Ukraynanın dəniz ticarəti ağır zərbə alar, taxıl ixracı dayanmağa yaxınlaşar, həmçinin, enerji daşımalarında problem yaranardı.

Qlobal ticarətin ən böyük simvollarından biri olan Süveyş kanalı isə müasir dünyanın nə qədər asılı sistem qurduğunu ortaya çıxarıb.

2021-ci ildə Ever Given gəmisinin kanalda ilişməsi nəticəsində yüzlərlə gəmi günlərlə növbədə qalmışdı. Dünyanın müxtəlif limanlarında konteyner çatışmazlığı yaranmış, şirkətlər milyardlarla dollar zərər açıqlamışdı.

Ən maraqlı məqamlardan biri isə budur ki, bu boğazların heç biri alternativsiz deyil, amma alternativlər çox baha və yavaşdır. Məsələn, Süveyş bağlansa, gəmilər Afrikanın cənubundan keçə bilər. Hörmüz bağlansa, bəzi ölkələr boru kəmərlərindən istifadə edə bilər. Lakin bu alternativlərin heç biri mövcud ticarət həcmini tam şəkildə əvəz edə bilmir.

Araşdırmalar göstərir ki, müasir dünyanın ən böyük zəifliyi məhz həddindən artıq bir-birinə bağlı iqtisadi sistem qurmasıdır. Əvvəllər bir ölkədə yaranan böhran lokal xarakter daşıyırdısa, indi bir boğazda baş verən hadisə dünyanın digər ucundakı supermarket qiymətlərinə qədər təsir edir. İqtisadçılar hesab edir ki, gələcəkdə böyük dövlətlər arasında əsas mübarizə təkcə torpaq və enerji uğrunda deyil, həm də bu strateji dəniz keçidlərinə nəzarət uğrunda olacaq.

Dünyanın ən vacib 5 boğazı Hörmüz Bosfor Malakka

Mənbə: lent.az

Xəbər lenti