Yağışdan sonra səmada görünən göyqurşağı hamıya eyni görünürmüş kimi təsəvvür edilsə də, əslində hər insan fərqli göy qurşağına baxır. Mütəxəssislərin sözlərinə görə, göy qurşağı fiziki obyekt deyil, müşahidəçiyə xas olan optik hadisədir. Bu səbəbdən yan-yana dayanan iki nəfər belə eyni göy qurşağını görmür. Hər bir insanın boyu, baxış bucağı və mövqeyi fərqli olduğundan, gözlərinə çatan işıq şüaları da dəyişir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin fikrincə, göyqurşağı Günəş işığının milyonlarla yağış damcısında sınması və əks olunması nəticəsində yaranır.
Bunun baş verməsi üçün Günəş müşahidəçinin arxasında, yağış isə qarşısında olmalıdır. İşıq yağış damcısına daxil olarkən yavaşlayır və sınır. Müxtəlif rənglər müxtəlif bucaqlarda əyildiyi üçün ağ Günəş işığı rənglərinə ayrılır. Sonra işıq damcının daxilində əks olunaraq yenidən çölə çıxır.
Nəticədə qırmızı rəng təxminən 42 dərəcə, mavi və bənövşəyi isə 40 dərəcə bucaq altında gözə çatır. Məhz buna görə göy qurşağının yuxarı hissəsində qırmızı, aşağı hissəsində isə mavi və bənövşəyi rənglər görünür.
Niyə hər kəs fərqli göyqurşağı görür?Göyqurşağı müşahidəçinin yerləşdiyi nöqtəyə görə formalaşır. Yanınızda dayanan insanın gözünə çatan işıq şüaları sizinkindən bir qədər fərqli istiqamətdən gəldiyi üçün onun gördüyü göy qurşağı da fərqlənir. Hətta eyni boyda iki nəfər eyni yerdə dayansa belə, Yerin Günəş ətrafında hərəkəti və işığın bucağındakı cüzi dəyişikliklər səbəbindən onların gördüyü mənzərə tamamilə eyni olmur.
İkili göyqurşağı necə əmələ gəlir?Bəzən səmada iki göyqurşağı görünür. Bu, işığın yağış damcısının daxilində iki dəfə əks olunması nəticəsində yaranır. Belə olduqda ikinci göy qurşağında rənglərin düzülüşü tərsinə olur: qırmızı daxildə, bənövşəyi isə xarici hissədə yerləşir.
İkinci göyqurşağı birincidən daha geniş görünür, lakin işığın intensivliyi az olduğuna görə onu görmək daha çətin olur. Nəzəri cəhətdən üçüncü, dördüncü və hətta beşinci dərəcəli göyqurşaqları da yarana bilər. Ancaq onlar çox zəif olduqları üçün insan gözü ilə seçilməsi demək olar ki, mümkün deyil.
Ölçüsü dəyişirmi?Alimlər bildirirlər ki, insanlar fərqli göyqurşaqları görsələr də, onların bucaq ölçüsü eyni qalır. Göyqurşağının radiusu təxminən 42 dərəcə, diametri isə 84 dərəcə təşkil edir. Bu xüsusiyyət müşahidəçinin harada dayanmasından asılı olmayaraq dəyişmir.
göyqurşağı


Mənbə: lent.az